YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası keçiriləcək

İyunun 13-də Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.

Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər ki, tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə ölkəmizin müxtəlif dövlət qurumlarını təmsil edən heyət iştirak edəcək.

Komissiyanın iclası ilə yanaşı, həmin gün hər iki ölkənin aparıcı şirkətlərinin də qatılacağı Azərbaycan-İtaliya Biznes Forumu təşkil ediləcək. Hər iki tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin, xüsusilə də enerji, neft-kimya, kənd təsərrüfatı, aqrosənaye, nəqliyyat-logistika və əczaçılıq sektorlarında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, müvafiq təqdimatlar keçiriləcək.

İtaliya uzun müddətdir ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,84 milyard ABŞ dolları olub. Bunun 2,25 milyard ABŞ dollarını Azərbaycandan İtaliyaya, 587,8 milyard ABŞ dollarını isə İtaliyadan Azərbaycana ixrac təşkil edib. Azərbaycan İtaliyanın əsas xam neft təchizatçılarından biridir. Eyni zamanda, Azərbaycan da bölgədə İtaliyanın ən böyük ixrac bazarlarından birinə çevrilməkdədir. Belə ki, son 5 il ərzində İtaliyanın Azərbaycana ixracı 3 dəfədən də çox artıb. Bunun da böyük hissəsini texnologiya və avadanlıqlar təşkil edir. Hazırda Azərbaycanda müxtəlif sektorlarda çoxsaylı İtaliya şirkətləri fəaliyyət göstərir. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazı İtaliya vasitəsilə Avropa istehlakçılarına çatdırılacaq.

İyunun 13-də Romada keçiriləcək Hökumətlərarası Komissiyanın iclası və Biznes Forum Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin dərinləşdirilməsinə, habelə ölkəmizin qeyri-neft ixracının artırılmasına töhfə verə biləcək layihələrə italyan biznesinin cəlb edilməsi imkanlarını nəzərdən keçirmək üçün yaxşı fürsət olacaq.