YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin və Kansler Angela Merkelin mətbuat konfransı olub

İyunun 7-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin mətbuat konfransı olub.

Kansler Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidentini ölkəsində salamlayan Almaniyanın Federal Kansleri Angela Merkel budəfəki görüşdə ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəlindiyini bildirdi. Azərbaycanda aparılan iqtisadi islahatların bu sahədə şaxələndirməyə geniş imkanlar açdığını deyən Angela Merkel Almaniyanın həmin prosesdə iştirak etməyə hazır olduğunu diqqətə çatdırdı. “Azərbaycan Hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq”, - deyən Kansler Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını vurğuladı. Bildirdi ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istəyir. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün öz əlaqələrindən maksimum şəkildə istifadə edəcək. Almaniyanın Federal Kansleri onu da vurğuladı ki, Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqələri sıxlaşdırmaq, bütün sosial və iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər var.

Prezident İlham Əliyev Almaniya ilə Azərbaycan arasında fəal siyasi dialoqun mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan-Almaniya əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi”, - deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra olunmadığını, beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisini işğal etdiyinə görə Ermənistana heç bir sanksiyanın tətbiq edilmədiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan münaqişənin sülh yolu ilə, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həll olunmasını istəyir.

Aprelin əvvəllərində qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan danışan Prezident İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində mülki şəxslərin qətlə yetirildiyini, mülki obyektlərə çoxlu ziyan dəydiyini bildirdi. “ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib”, - deyən dövlətimizin başçısı may ayında Vyanada baş tutan görüşün əsaslı danışıqlara başlanması üçün mühüm addım olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışarkən bildirdi ki, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Bundan əlavə, ölkələrimizin enerji sahəsində yaxşı əməkdaşlıq qurduğunu deyən dövlətimizin başçısı bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğuladı, Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsinin önəmindən danışdı. “Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir”, - deyən Prezident İlham Əliyev ölkəmizdə bütün azadlıqların təmin olunduğunu bildirdi, Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən insanların sülh və harmoniya içərisində yaşadıqlarını xatırlatdı.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırıldı.