YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında ABŞ-ın etibarlı tərəfdaşıdır

Azərbaycan enerji şaxələndirilməsində, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında ABŞ-ın etibarlı tərəfdaşıdır.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu fikirlər XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgisi çərçivəsində Azərbaycanın energetika naziri Natiq Əliyevin Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi xanım Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirilib.

N.Əliyev Bakıda ilk belə sərginin 1994-cü ildə keçirildiyini xatırladıb. O, 23 ildir davamlı olaraq təşkil olunan bu cür beynəlxalq tədbirlərin Azərbaycanın enerji potensialının dünyaya nümayiş etdirilməsi, investorların neft sahəsinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Nazir bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin icrasının qrafikə uyğun aparıldığını diqqətə çatdırıb. “Şahdəniz-2” və Cənub Qafqaz Boru Kəməri üzrə işlərin 70 faizinin tamamlandığını deyib.

Energetika naziri layihənin son seqmenti olan “Trans-Adriatik” qaz boru kəməri ilə bağlı da nikbinliyini ifadə edib. Bildirib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanla yanaşı, gələcəkdə Mərkəzi Asiya ölkələri, Misir, İraq və İrandan təbii qazın Avropa İttifaqı ölkələrinə ixracına imkan verəcək. Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur.

Xanım R.Dunniqan da, öz növbəsində, enerji sahəsində Azərbaycan-ABŞ əməkdaşlığını və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında rolunu yüksək qiymətləndirib. Azərbaycanı enerji şaxələndirilməsində, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında etibarlı tərəfdaş adlandıran R.Dunniqan ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qlobal enerji bazarındakı son vəziyyət və digər perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv