YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransı çərçivəsində qəbul təşkil edilib

İyunun 1-də Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirlikləri Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransı çərçivəsində birgə qəbul təşkil ediblər.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts ölkələrimiz arasındakı əlaqələrin çox güclü olduğunu bildirib. O, Britaniyanın uzun müddətdir Azərbaycanda ən böyük investor olduğunu vurğulayıb.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson ölkəsinin Azərbaycana yatırdığı investisiyaların əksər hissəsinin neft və qaz sahəsinə aid olduğunu, lakin daha çox iş görmək üçün potensialın mövcud olduğunu qeyd edib. O deyib ki, Azərbaycanda 400-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir. Baronessa Nikolson ötən il Azərbaycanın birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini, bu ay isə Bakıda Formula 1 yarışlarının keçiriləcəyini qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. Əlavə edib ki, ABŞ, Birləşmiş Krallıq, Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından çox vacibdir. Bu gün keçirilən sərgi və konfrans çox əhəmiyyətlidir.

ABŞ dövlət katibinin köməkçisinin müavini Robin Dunnigan ölkələrimiz arasında əməkdaşlığın ortaq maraqlara və enerji təhlükəsizliyinə xidmət etdiyini deyib. Bildirib ki, Azərbaycanın müstəqilliyinin 25 ili ərzində ABŞ bu ölkənin ortaq maraqlar istiqamətində yaxın tərəfdaşı olub. Enerji sahəsindəki əməkdaşlıq bu əməkdaşlığın mühüm hissəsidir. O, həmçinin hər il keçirilən neft-qaz sərgisinin önəmini qeyd edib.