YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Nərgiz Paşayeva: Britaniya Fondunun yaradılması artıq tarixi mədəni zərurətdir

Mayın 25-də Londonda, Böyük Britaniyanın Lordlar Palatasında Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin Azərbaycan və Britaniya tərəfdən rəhbərləri professor Nərgiz Paşayeva və professor Robert Hoyland Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003-2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi Lord Malkolm Brus ilə görüş keçiriblər. Professor N.Paşayeva və professor R.Hoyland tərəfindən təşkil olunmuş bu görüşdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Maykl German da iştirak edib. Görüşün əsas məqsədi Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) yaradılması ilə bağlı idi.

Lord Brus britaniyalı siyasətçilər arasında yeganə parlament üzvüdür ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət edib və rəsmi inzibati-icraçı funksiyanı daşıyıb. O,1983-2015-ci illərdə Şotlandiyanın Qordon qraflığını Britaniya parlamentində təmsil edib və 2005-2015-ci illərdə Britaniya parlamentinin Beynəlxalq İnkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə təmsil etdiyi Liberal Demokratlar Partiyasının rəhbərinin müavini seçilib, bir müddət bu vəzifədə çalışdıqdan sonra 2015-ci ildən Lordlar Palatasına üzv olub. Lord Brus parlamentin enerji və Şotlandiya məsələləri, təhsil, ticarət, sənaye və ətraf mühit məsələləri üzrə sözçüsu olub, 1986-1989 illərdə Şotlandiyanın Dandi Universitetinin (University of Dundee) rektoru vəzifəsində çalışıb. O, öz seçki dairəsindən ardıcıl olaraq beş dəfə seçicilərin ən çox səsini qazanan parlament üzvləri siyahısına daxil edilib və 2012-ci ildə Kraliça II Elizabet tərəfindən cəngavər titulu ilə təltif olunub.

Qonaqları salamlayan və Lord Brusla tanışlığından məmnunluq duyduğunu bildirən Nərgiz Paşayeva görüşün Azərbaycan Demokratik Respublikasının yaranmasının 98-ci ildönümü ərəfəsində keçirildiyini qeyd etdi və iki ildən sonra, yüzillik yubileyini (1918-2018) qeyd edəcək ADR-in azərbaycanlılar üçün xüsusi bir önəm daşıdığını bildirdi. N.Paşayeva 1997-ci ildə təsis edilmiş İngiltərə-Azərbaycan Cəmiyyətinin 2007-ci ildən həmsədri olduğunu nəzərə çatdırdı və Cəmiyyətin müstəqil Azərbaycan tərəfindən İngiltərədə yaradılmış ən uzun tarixli (1997-2016) ictimai təşkilat olduğunu qeyd etdi. Daha sonra 2013-cü ildə yaradılan və Britaniyanın məşhur Oksford Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən, yüksək akademik statusa malik olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) məqsəd və vəzifələrindən söhbət açıldı. N.Paşayeva dedi: “Mühüm olanı odur ki, bu mərkəz nümayəndəçilik, təmsilçilik, zahiri effektə bağlı nümayişkəranə və az funksional, ani keçici kampaniya xarakteri daşımır. Məqsəd Azərbaycanın qədim və böyük mədəni intellektual tarixinin məhz Azərbaycana aid olmasını elmi yolla sübut etmək, yüksək elmi müstəvidə mübahisə aparmaq, eşidilmək hüququnu qazanmaq və əldə edilən dəyərli məlumatları Oksford Universitetinin təqdimatında və daxilindən dünyaya yaymaqdır. Əlbəttə, bu, çox ciddi əmək, peşəkar davamlı səy, məsuliyyət və dəstək tələb edən unikal bir imkandır. Bugünkü nəticələrimiz, başlanğıc, ilk addımlarımız bunları bacara biləcəyimizə ümid yaradır.

Bu ümidi real, işimizi faydalı və əhəmiyyətli, nəticələri doğru və pozitiv edən əlbəttə ki, universitetin bizimlə birgə çalışan professor- müəllim heyətidir. Mərkəzin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin İslam tarixi üzrə aparıcı professoru Robert Hoyland, universitetin iranşünaslıq üzrə aparıcı professoru Edmund Herziq, şərqşünaslıq fakültəsinin doktorları Pol Vordsvors, Nikoloz Aleksizdze, Oksford Universitetinin Xəlili Tədqiqat Mərkəzinin tədqiqatçısı, doktor Marek Jankoviak, universitetin tarix fakültəsinin doktoru Nik Evans, Oksford Universitetinin Rothermere Amerika İnstitutunun tədqiqatçısı, doktor İrina Şingiray, universitetin şərqşünaslıq fakültəsinin doktorantı Maroussia Bednarkieviç kimi tanınmış alimlərin Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətindəki səyləri və əməyi əvəzedilməzdir. Hazırda doktorant Nizami Mərkəzinin təqaüdü hesabına Ceyms Vayt al-Taalibinin (XI əsr) və Afisin (XIII əsr) işlərinin müqayisəsi ilə bağlı doktorluq işi üzərində çalışır, amerikalı magistr Eliza Mau-Pyu İslam tarixi üzrə elmi araşdırmalar aparır. Ümumilikdə 4 tələbə artıq Nizami Gəncəvi Elmi Mərkəzinin təqaüdü ilə təhsil alır və iki tələbə də gələn il əlavə qəbul ediləcək. Təbii ki, bu tələbələr universitetin ciddi sınaq imtahanlarından uğurla çıxmış olanlardır.

Qeyd edildi ki, Azərbaycanın ikinci müstəqillik dövründən sonra Britaniya ilə mədəni, siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsində bir çox işlər görülsə də, Azərbaycan Britaniya cəmiyyətində və vətəndaşları arasında hələ də yetərincə yaxşı tanınmayıb. Buna sübut olaraq, son aylarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaranmış gərginliyin İngiltərə mətbuatında məhz “haqqında az məlumat olan” və qəliz bölgə kimi qələmə verilməsi, dünya mətbuatında isə münaqişənin daha çox xristian-müsəlman münaqişəsi kimi göstərilməsidir.

Nərgiz Paşayeva dedi: “Bir alim kimi deyə bilərəm ki, bunun əsas səbəblərindən biri Britaniya kimi qədim tarixi ənənəsi olan ölkədə və eləcə də qlobal elmi səviyyədə mühüm rol oynayan mötəbər elm ocağı kimi tanınan Oksford Universitetində 2013-cü ilə qədər (Nizami Gəncəvi Elmi Mərkəzinin yaranma tarixi) Qafqazın qədim tarixi və mədəniyyəti çox hallarda birtərəfli, əsasən erməni tarixi və bir qədər də gürcü tarixi kontekstində öyrənilib. Belə ki, hələ 1965-ci ildə Oksford Universitetinin şərqşünaslıq fakültəsində erməni elmi mərkəzi yaradılıb və bu günə kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, bunun müqabilində bizim yaratdığımız mərkəz 51 il gec öz fəaliyyətinə başlayır – yəni, bu dövr ərzində heç bir iş görülməyıb. Halbuki tarixi həqiqətləri elmi əsaslar və sübutlar üzərində qurub təqdim edən Britaniya cəmiyyətində ilk öncə məhz fundamental elmi ocaqlarla müştərək peşəkar elmi əlaqələr birinci dərəcəli əhəmiyyətə malikdir. Biz bunları yaxşı dərk edir, anlayırıq və səylərimizi universitetlərin, alimlərin, peşəkarların, mütəxəssislərin işinə, əməkdaşlığına, birliyinə və qarşılıqlı etimadına yönəldirik, bu əlaqələrə dəstək olmağa çalışırıq. Çünki müasir zamanda universitet universitetlə, alim alimlə, mütəxəssis mütəxəssislə, peşəkar tədqiqatçı peşəkar tədqiqatçı ilə bərabər işləməlidir. Bu gün dəbdə olan multikulturalizm şüarı termin kimi yeni olsa da, ideya kimi qədim dövrlərdən mövcud idi. Nizaminin tək bir “Yeddi Gözəl”i buna gözəl misaldır. Amma bu şüarı basmaqəlib halına çevirib, formal, dəbdə olan “mahnıya” döndərib, əsl əməyə, uzun müddətli, 10 illərlə davam edən, gündəlik zəhmətə köklənmiş işlərin və uğurların əvəzi kimi təqdim etmək heç də doğru olmaz. Halbuki belə sırf dekorativ tendensiyalar da bəzən müşahidə olunur. İki ildən sonra Azərbaycan Şərqdə ilk olaraq yaratdığı demokratik respublikanın 100 illiyini qeyd edəcək. Hələ o dövrdə yaranan respublikanın ali hakimiyyətinin tərkibində azərbaycanlılarla yanaşı, ruslar, ermənilər, polyaklar, yəhudilər və digər millətlər də vardı. Bu isə Azərbaycanın dünən də, bu gün də tarixi tolerantlığının göstəricisidir. Maraqlı bir faktdır ki, hələ 2010-cu ildə İngiltərədə ermənilərin yaratdığı Birləşmiş Krallığın Erməni İcma Şurası (Armenian Community Council of United Kingdom) özünün 100 illik fəaliyyətini indi də davam etdirir. Bu, bizim üçün müəyyən göstəricidir. Bu gün bizim vəzifəmiz Azərbaycanı bu ölkənin, İngiltərənin və onun cəmiyyətinin qaydalarına uyğun olaraq layiqi səviyyədə təqdim və təmsil etməkdir”.

Daha sonra 25 may tarixli bu görüşün əsas məqsədi müzakirə olundu. N.Paşayeva tərəfindən Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) yaradılması təklif edildi. Nəzərə çatdırıldı ki, bu ideya artıq bir neçə aydır İngiltərənin Azərbaycan və Qafqaz regionu üzrə aparıcı alimləri - Oksford Universitetinin İslam tarixi üzrə, habelə Nyu-York Universitetinin Qədim Dünya İnstitutunun aparıcı professoru, hazırda Qafqaz regionunu öyrənən və qədim Bərdənin arxeoloji ekspedisiyasına rəhbərlik edən professor Robert Hoyland, Şotlandiyanın məşhur Sent Enryuz Universitetinin İslam, Orta Asiya və Qafqaz bölgəsi üzrə professoru Endryu Pikok və Ekseter Universitetinin İslam tarixi və şiəlik təriqətinin yayıldığı əraziləri öyrənən professor Robert Qliv ilə məsləhətləşmələr əsasında yaranıb və çox müsbət qəbul edilib.

Adıçəkilən alimlər yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının üzvləridir, Şuranın sədri isə professor N.Paşayeva seçilib.

Şuranın sədrinin sözlərinə görə, bu Fond Azərbaycan və Birləşmiş Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəni, maarif, təhsil münasibətlərinə real töhfə verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Professor N.Paşayeva dedi: “Britaniya Fondunun yaradılması artıq tarixi mədəni zərurətdir. Bu zərurəti həyata keçirmək olduqca vacibdir”. Britaniyada fəaliyyət göstərən digər nüfuzlu və şəffaf fondlar kimi, bu qurum da bu yaxınlarda Birləşmiş Krallığın ictimai təşkilatlar üzrə komissiyasında qeydiyyatdan keçiriləcək. Beləliklə, bundan sonra Fond Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətinə dəstək verməklə yalnız Oksford Universiteti və Londonda deyil, İngiltərənin başqa ali təhsil ocaqları və mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq etməyi planlaşdırır. Fond, həmçinin Britaniyada təhsil alan azərbaycanlı tələbələr ilə əməkdaşlıq edib onlara dəstək olmağa çalışacaq. Fondun məqsədlərindən biri də Azərbaycan və Qafqaz üzrə Britaniyanın alim və aparıcı mütəxəssislərini bir araya gətirib Azərbaycanı layiqli səviyyədə təmsil etməklə yanaşı, Britaniyada yaşayan Azərbaycan icmasına dəstək olmaqdır. Bu Fondun yaradılması gündəliyə Böyük Azərbaycan mövzusunu gətirərək, sevimli vətənimizin tarixinin əzəmətli, qədim, şərəfli lakin geniş auditoriyaya açılmamış səhifələrini açmaq missiyasını qarşısına qoyub. Dünyada yaşayan 40 milyona yaxın azərbaycanlının əcdadlarının bəşəriyyətə bəxş etdiyi böyük mədəni töhfələri və əbədi dəyərləri göstərmək, tarixi hörmətlə anmaq, böyük simaların - Nizami, Füzuli, Nəsimi, N.Tusi, Kəmaləddin Behzad, Ş.İ.Xətai, və bir çox başqalarının Azərbaycan övladları olduqlarını tək özümüzə deyil, dünyaya əyan etmək bizim vəzifəmiz və borcumuzdur. Habelə Fond Azərbaycanla bağlı Britaniya mətbuatındakı boşluğu doldurmaq üçün bu ölkənin aparıcı KİV-ləri, xüsusilə aparıcı telekanalları ilə əməkdaşlıq etməyi planlaşdırır.

Görüş zamanı professor N.Paşayeva Britaniyada özünün zəngin siyasi təcrübəsi, nüfuzu və hörməti ilə tanınan Lord Brusu Fondun işinə məsləhət vermək üçün Qəyyumlar Şurasına üzv olmağı dəvət etdi. Lord Brus dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirdi. Yani yaradılan Fondun yaxın gələcəkdə Londonda təqdimat mərasiminin keçirilməsi qərara alındı.