Xəbərlər
Bahar Muradova: Biz bu danışıqlar prosesini yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndiririk

«Mən o düşüncədən uzağam ki, hətta, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında baş tutsa belə, o görüş bütövlükdə məsələnin həlli demək olacaq». Bu fikri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, biz bu danışıqlar prosesini yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndiririk. Onun sözlərinə görə, bu danışıqlar Qarabağ münaqişəsində yeni xarakterli danışıqlar mərhələsidir.
«Əgər əvvələr bu formatda keçirilən görüşlərdə yalnız bəyanatlar verib məsələnin uzanmasından narahatlıq ifadə, tərəfləri qarşılıqlı güzəştə getmək təklif olunurdusa, indi artıq məsələnin həlli ilə bağlı ciddi çağırışlar olmalıdır. Ona görə də bu görüşlərdə görsək ki, məsələnin həlli ilə bağlı həm vasitəçilər ciddi mövqeyə malikdir, həm də Ermənistan tərəfi bu ciddi mövqeləri qəbul edərək konstruktiv mövqe istiqamətində fəaliyyət göstərə bilir, o zaman biz bu danışıqların perspektivinə inana bilərik. Onun davamlı şəkildə getməsində iştirak edə bilərik. Yox əgər görsək ki, növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni növbəti on illər boyu uzatmaqdan gedirsə, əlbəttə, Azərbaycan öz qəti sözünü söyləyəcək»- deyə, vitse-spiker vurğulayıb.