YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksikada Azərbaycan kinosu günləri keçirilir

Mexiko şəhərində Meksika Milli Film Arxivinin (CINETECA), ölkəmizin Meksikadakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə CINETECA-da Azərbaycan kinosu günlərinin açılışı olub.

Səfirlikdən bildiriblər ki, tədbir Azərbaycan ilə Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Meksika tamaşaçısını qədim və zəngin keçmişə malik Azərbaycan kinosu sənayesinin qızıl, orta və müasir dövrünə aid nümunələri ilə tanış etmək məqsədilə təşkil olunub.

Mayın 26-dək davam edəcək kino günləri çərçivəsində 7 film - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri nümayiş etdiriləcək.

Meksika Milli Film Arxivinin (CINETECA) proqramlama üzrə direktoru Nelson Karro Meksikada ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edib. O deyib ki, Meksika kinosu böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun dünyada populyarlaşmasının əsas səbəbidir. O, Azərbaycan filmlərinin Meksikada uğurla nümayiş olunacağına əminliyini ifadə edib.

Səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Meksikada Azərbaycan kinosu günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. O, Azərbaycanın zəngin mədəniyyətindən, özünəməxsus adət-ənənələrindən söhbət açıb. Vurğulayıb ki, Azərbaycan Şərq Qərblə arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən bir ölkədir.

Diplomat kinematoqrafiyanın mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində xüsusi rola malik olduğunu vurğulayıb. O qeyd edib ki, Meksika tamaşaçısı zəngin irsə malik Azərbaycan kinosunun müxtəlif dövrlərə aid nümunələri ilə tanış olacaq.

Sonra “Arşın mal alan” filmi nümayiş etdirilib. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənilib və alqışlarla qarşılanıb.

Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər CINETECA tərəfindən ispan dilinə tərcümə edilib.

CINETECA ölkədə filmlərin saxlanılması, kataloqlaşdırılması, yayımlanması fəaliyyətini həyata keçirir. Arxivdə 15 mindən çox müxtəlif formatda film saxlanılır. Qurumun nəzdində kino muzeyi və kitabxana da fəaliyyət göstərir. CINETECA həm də Film Arxivlərinin Beynəlxalq Federasiyasının üzvüdür.