YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İndoneziya əlaqələrinin inkişafında ölkələrimizin parlamentləri mühüm rol oynayır

Mayın 12-də Azərbaycan Respublikası Milli Məclisində İndoneziya Respublikası Nümayəndələr Palatasının nümayəndə heyəti ilə keçirilən görüşlərdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşdə nümayəndə heyətinin bu səfərinin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcəyi bildirilib. Milli Məclis sədrinin birinci müavini Azərbaycan-İndoneziya əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycanın İndoneziya ilə münasibətlərin möhkəmlənməsində maraqlı olduğunu qeyd edib. Z.Əsgərov iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, həmçinin parlamentlər səviyyəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyib.

Ziyafət Əsgərov nümayəndə heyətinə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatı inkişaf etməyə başlayıb. Son illərdə isə ölkəmizdə iqtisadi tərəqqi daha dinamik hal alıb. Artıq Bakı, Sumqayıt şəhərlərində və Qaradağ rayonunda sənaye parkları yaradılır. Azərbaycanın iqtisadiyyatın bir çox sahələrində İndoneziya ilə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyən Milli Məclis sədrinin birinci müavini indoneziyalı iş adamlarının ölkəmizə sərmayə qoymalarının önəmini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Ahmad Hanafi Rais İndoneziyanın Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməyə böyük maraq göstərdiyini deyib. O, əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığını vurğulayıb.

Ahmad Hanafi Rais bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər digər dövlətlər üçün nümunə ola bilər.

Görüşdə Azərbaycan ilə İndoneziya arasında müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə keçirilən görüşdə ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışılıb. Komitənin sədri Səməd Seyidov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, beynəlxalq ictimaiyyət bu problemin həllinə laqeyd yanaşmamalıdır. Azərbaycan ilə İndoneziya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən S.Seyidov ölkəmizin ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Ahmad Hanafi Rais ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafının əhəmiyyətini qeyd edib. O, gələcəkdə yeni istiqamətlərdə ikitərəfli əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu deyib. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduqlarını qeyd edən nümayəndə heyətinin rəhbəri parlamentlərarası əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.