YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Oksford İslam Araşdırmaları Mərkəzində olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniyaya səfərləri çərçivəsində Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin (İAM) fəaliyyəti ilə tanışlıq və ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həmin mərkəzdə olublar.

Azərbaycan nümayəndə heyətinin tərkibində, həmçinin ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, respublikamızın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Azad Məmmədov təmsil olunublar.

Mərkəzin yeni binası ilə tanışlıq zamanı A.Paşazadəyə məlumat verilib ki, bina bir sıra müsəlman ölkələrinin dəstəyi ilə inşa edilib. Akademik fəaliyyətlərin yeni ocağı olacaq binada kitabxana, akt zalı, ibadət zalı, qalereya və s. istifadəçilərin ixtiyarına veriləcək.

Mərkəzin fəaliyyəti haqqında məlumat verən direktor Farhan Nizami qeyd edib ki, İAM 1985-ci ildən fəaliyyət göstərir. Britaniya Kral ailəsinin üzvü, Uels şahzadəsi Çarlzın şəxsi himayəsi altında fəaliyyət göstərən, Qərb ilə İslam dünyası arasında körpü rolunu oynayan mərkəzin fəaliyyəti geniş beynəlxalq diqqət və dəstək cəlb edir.

Səfər çərçivəsində A.Paşazadə ilə F.Nizami arasında ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib.

Görüşlərdə QMİ-nin sədri mərkəzlə tanışlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dini tolerantlıq və multikultural mühitdən bəhs edib.

K.Abdullayev Azərbaycandakı multikultural təhlükəsizlik prinsipləri haqqında danışıb. Dövlət müşaviri ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısından bəhs edib.

F.Nizami mərkəzi ziyarət etdiklərinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib, bu ziyarəti gələcək əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

Daha sonra mərkəzdə A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafət zamanı mərkəzin professor-müəllim heyəti ilə müxtəlif sahələrdə mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sonda A.Paşazadə nümayəndə heyəti adından mərkəzə Azərbaycan xalçası və ölkəmiz haqqında kitablar hədiyyə edib.