YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəhidlərimizin təltifləri ailə üzvlərinə təqdim edilib

Ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların “Qızıl ulduz” medalları mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə keçirilən tədbirdə şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təqdimetmə mərasimində çıxış edən nazir, general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək onların qəhrəmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb.

Şəhidlərimizin qanının yerdə qalmadığını və onların qisasının bundan sonra da alınacağını bildirən nazir işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.

Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və “Qızıl Ulduz” medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib.

Milli qəhrəmanlarımızın ailə üzvləri - Fizzə Mirzəyeva və Gülağa İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar. Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik tapacaq.