YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los-Ancelesdə təntənəli şəkildə qeyd edilmişdir

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən şəhərin Skirball Mədəniyyət Mərkəzində Azərbaycan musiqiçilərinin geniş konserti təşkil edilmişdir.

Konsert Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin 1919-cu ildə Parisdə ABŞ Prezidenti Vudro Vilson ilə keçirdiyi görüşün 95-ci ildönümünə həsr olunmuşdur.

Tədbir Azərbaycan haqqında videoçarxın nümayiş etdirilməsi ilə başlamışdır.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev konsertdən əvvəl çıxış edərək iştirakçılara Azərbaycan ilə ABŞ arasında keçirilmiş bu ilk tarixi diplomatik görüş barədə məlumat vermişdir. O, Prezident Vudro Vilsonun ABŞ-a qayıtdıqdan sonra San Fransiskoda çıxışı zamanı bu görüşü böyük məmnunluq hissi ilə xatırladığını qeyd etmişdir. Diplomat müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mütərəqqi islahatlardan, qadınlara hətta ABŞ-dan və digər Qərb ölkələrindən də əvvəl səsvermə hüququ verməsindən danışmışdır. Nəsimi Ağayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra ABŞ ilə ümumi dəyərlərə, maraqlara və baxışlara əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurduğunu və olduqca önəmli bir bölgədə Birləşmiş Ştatların etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırmışdır.

Sonra Azərbaycan musiqiçiləri geniş konsert proqramı ilə çıxış etmişlər. Kaliforniyada fəaliyyət göstərən San Xose Ştat Universitetinin professoru, piano ustası, həmyerlimiz Namiq Sultanov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini yüksək ustalıqla ifa etmişdir. Amerika Gitara Fondu tərəfindən “Ən yaxşı gitaraçı” mükafatı ilə təltif olunmuş soydaşımız Rövşən Məmmədquliyevin ifa etdiyi Azərbaycan, Avropa və Amerika bəstəkarlarının əsərləri tamaşaçıların böyük marağına səbəb olmuşdur.

İstedadlı gənc xanəndə Aytən Məhərrəmovanın tarzən Rövşən Qurbanov və kamança ustası Ceyhun Muradov ilə birgə ifa etdiyi Azərbaycan muğamları və xalq mahnıları, xüsusilə “Sarı gəlin” və “Qarabağ şikəstəsi” tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır.

Konsertdə 600 nəfərdən çox Los-Anceles sakini iştirak etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv