YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Beynəlxalq Dəmir Yolu Daşımaları haqqında Konvensiyanın seminarı keçirilir

Bakıda “Sərnişinlər, yüklər və təhlükəli yüklər: KOTIF və əlavələrin tətbiqi və yerinə yetirilməsi üsulları” adlı seminar keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən bildirilib ki, tədbirdə Pakistan Dəmir Yolları, Gürcüstan Dəmir Yolu SC, Türkiyə Dövlət Dəmir Yolları, Ukrayna Dəmir Yolu, Railway Working Group şirkət, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, Dəmir Yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTIF), Beynəlxalq Dəmir Yolu Komitəsi (CIT) və İran İslam Respublikası Dəmir Yollarının nümayəndə heyətləri iştirak edir.

Tədbirin açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Quram Quramişvili, Türkiyə Dövlət Dəmir Yolları Yük Daşımaları Departamentinin Beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi xanım Nevin Kayqısız çıxış ediblər.

İki gün davam edəcək seminarda “TRACECA regionunda dəmir yolu nəqliyyatının perspektivləri” (məruzəçi TRACECA Hökumətlərarası Komissiyasında Azərbaycanın Milli katibi, Daimi katibliyin Azərbaycanda daimi nümayəndəsi Akif Mustafayev), “OTIF və KOTIF, üstünlüklər və əlavə dəyərlər” (OTIF-in baş katibi Fransua Davenne), “Lüksemburq Dəmir Yolu Protokolu dəmir yolu sənayesini necə dəyişəcək” (“Rail Working Group”ın sədri Hovard Rozen), “Yeni üzv ölkə kimi Azərbaycan üçün vacib olan tərəflər” (OTIF-in Hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), “Yeni üzv ölkə kimi Ukraynanın Praktiki təcrübələri” (UKRZALIZNYTSYA SC-nin Kommersiya Şöbəsinin direktoru Yuriy Merkulov), “Beynəlxalq yük daşınmalarına dair Qaydalar” (OTIF-in baş katibi Fransua Davenne), “Beynəlxalq yük daşımaları: CIM Dəmir Yol qaiməsi” (Beynəlxalq Dəmir yol Komitəsinin (CIT) baş katibinin müavini Erik Evtimov), “İran dəmir yolları tərəfindən CIM vahid qaydalarının tətbiqi” (Malekan, İran İslam Respublikasının Dəmir Yolları), “Beynəlxalq sərnişin daşımalarına dair Qaydalar” (OTIF-in Hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), “Dəmir yolu nəqliyyat ilə sərnişin daşınmasının ümumi şərtləri: CIV PRR və CIV biletlər” (Beynəlxalq Dəmir Yolu Komitəsinin (CIT) baş katibinin müavini Erik Evtimov), “RID: Dəmir yolu ilə daşınan təhlükəli yüklərin Beynəlxalq daşımalarına dair qaydalar” (Təhlükəli yüklər üzrə bölmə rəhbəri İohan Konrad), “RID,CIM-in tətbiqi və CIV Unifikasiya qaydaları” (Türkiyə Dövlət Dəmir Yollarının, Yük daşımaları Departamentinin, Beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi Nevin Kayqısız), “COTIF və texniki aspektlər: Hərəkət tərkibi ilə bağlı beynəlxalq yüklərin harmonizasiyasının üstünlükləri” (OTIF -in Texnoloji Bölməsinin rəisi Bas Leermakers) mövzularında məsələlər müzakirə olunacaq. Hər seminarın sonunda qiymətləndirmə aparılacaq.

Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTIF) 1985-ci il mayın 1-də yaradılıb. Təşkilatın fəaliyyəti 9 may 1980-ci il tarixli “Beynəlxalq Dəmir Yolu Daşımaları haqqında Konvensiya” (KOTIF) ilə nizamlanır. Təşkilat 1893-cü ildə yaranan Beynəlxalq Dəmir Yolları Mərkəzi bürosunun əsasında təsis olunub.

Hazırda Avropa, Şimali Afrika və Asiya qitələrindən 50 ölkə bu təşkilatın üzvüdür.

Təşkilatın baş qərargahı Bern şəhərində yerləşir.