YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: İtkin düşənlər insanların siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər təşkilatlara təqdim olunmalıdır

«İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı təqdirəlayiqdir. Hesabatda bütün məlumatlar ətraflı şəkildə öz əksini tapıb. İstənilən şəxs, eləcə də millət vəkilləri Azərbaycanda insan alveri ilə bağlı bütün proseslərdən geniş şəkildə məlumatlıdır. Çünki bu cəmiyyətdə yaşayırıq və baş verən hadisələri müxtəlif mənbələrdən, mətbuatdan alırıq. Ölkəmizdə insan alverinə  qarşı aparılan mübarizəni, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyətini yüksək qiymətləndirirəm». Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun 2015-ci ilin hesabatının müzakirəsi zamanı deyib.  

 S.Novruzov bildirib ki, dünyada baş verən hadisələr Azərbaycanda da təsirsiz ötüşmür. Onun sözlərinə görə, dünyada qaçqın axını, müharibələr, istiqadi böhran və digər amillər insan alverinin genişlənməsinə  şərait yaradan əsas amillərdir.

«Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bu proseslərdən kənarda qalmır. Bu sahədə nə qədər insanın fəaliyyət göstərdiyini dəqiq bilmirəm. Amma hesab edirəm ki, “İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun işçilərinin sayı çoxaldılmalı və məsələyə olan nəzarət daha da gücləndirilməlidir. Burada uşaq hüquqlarından, onların məcburi əməyə. dilənçiliyə cəlb edilməsindən danışıldı. Biz bu cür hallara gündəlik həyatımızda rast gəlirik. Harda gəlir varsa, orada belə hallar ortaya çıxır. İstər gecə, istərsə də gündüz onlara rast gəlmək mümkündür. Belə halların qarşısının alınması üçün koordinatorun işçilərinin sayı çoxaldılmalıdır. Digər məsələ bu cür insanlarla bağlı reabilitasiya mərzkələrinin açılmasıdır. Bizdə bu cür mərkəzlər var. Lakin onların sayı artırılmalıdır. Tez-tez televiziyalarda yayımlanan verilişlərdə sahibsiz uşaqların  tapıldığını görürük. Onlar həmin uşaqları müəyyən sığınacaqlara yerləşdirməyə çalışırlar ki, orada yaşasın və təhsillərini davam etdirə bilsinlər. Hesab edirəm ki, bu işə həm Əmək və Əhalinin Sosial Müdafiəsi, həm Təhsil Nazirliyi, həm də digər sturukturların nümayəndələri cəlb edilməlidir. Belə uşaqların cəmiyyətə qoşulması, uyğunlaşması üçün müvafiq addımlar atılmalıdır. Buna geniş ehtiyac var»- deyən S.Novruzovun fikrincə, burada təbliğat məsələsinə də xüsusi yer verilməlidir. Millət vəkili deyib ki, bütün televiziya kanalları və digər KİV-lər bu məsələni diqqət mərkəzində saxlamalı, sosial reklamların, verilişlərin sayı artırılmalıdır.

İtkin düşmüş insanlarla bağlı məsələyə də toxunan S.Novruzov qeyd edib ki, KİV-lərdə bir sıra xarici ölkələrdə Ermənistandan əsir düşmüş  azərbaycanlıların daxili orqanlarının satılması haqqında məlumat yayılıb. Onun sözlərinə görə, I Qarabağ müharibəsində, eləcə də sonradan itkin düşənlərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər təşkilatlara təqdim olunmalıdır ki, onların axtarışları daha da gücləndirilsin. «Bununla bağlı Azəraycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Hesab edirəm ki, əsir və itkin düşmüşlərin bir çox hissəsi insan alverinin qurbanlarıdır. Bu gün Suriyada itkin düşənlər var və onların böyük hissəsi insan alverinin qurbanına çevirilirlər. Onların bir çoxunun daxili orqanların satılır və ya yetkinlik yaşına çatmayan qızlar əsir götürülərək müxtəlif  ölkələrə satılır. Buna görə işimizi möhkəm qurmalıyıq. Bu işlə təkcə hüquq mühafizə orqanları deyil, bütövlükdə cəmiyyət məşul olmalıdır. Cəmiyyət bu işdə dəstək olmalı, bu cür məlumatlar olduğu halda, hüquq mühafizə orqanlarına çatdırılmalıdırlar»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.