YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və “İpək Yolu” Vaşinqtonda diqqət mərkəzində olub

ABŞ-ın paytaxtının tanınmış təhsil və elm ocaqlarından olan Cons Hopkins Universitetində müasir İpək Yoluna həsr olunmuş geniş tərkibli konfrans keçirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın Vaşinqtondakı səfirliklərinin Dünya Bankı, ABŞ Ticarət Palatası, “Boeinq” şirkəti, ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və digər regional nümayəndəliklərin birgə təşkilatçılığı ilə keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, beyin mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb. Tədbirin aparıcısı Cons Hopkins Universitetinin Orta Asiya-Qafqaz İnstitutunun və “İpək Yolu” proqramının rəhbəri, tanınmış professor Frederik Starr olub.

Tədbirə əsas natiq qismində qatılmış ABŞ dövlət katibinin köməkçisinin baş müavini Kurt Tonq çıxış edərək regionun ticarət və tranzit potensialının təbliği, eləcə də bu sahədə ABŞ şirkətləri ilə əməkdaşlığın təşviqi baxımından forumun əhəmiyyətini vurğulayıb. Bu yaxınlarda regiona səfər etdiyini deyən K.Tonq Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət etdiyini, burada yaradılan şəraitin onda yüksək təəssürat buraxdığını bildirib. O, region ölkələrinin nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi istiqamətində böyük infrastruktur layihələrinin reallaşdırıldığını, bunun regionumuzdan keçən nəqliyyat dəhlizlərindən istifadə və bu bazarlara sərmayə qoyuluşu ilə bağlı ABŞ şirkətləri üçün əlverişli fürsət yaratdığını qeyd edib. O, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Qazaxıstanın birgə nəqliyyat konsorsiumu yaratmasını, gömrük-tranzit imkanların artırılması məqsədilə aparılan harmonizasiya işlərini hər üç ölkə rəhbərinin siyasi iradəsi və tranzit layihələrə dəstək verməsi kimi qiymətləndirib. K.Tonq regionumuzda sülhün bərqərar olacağına, məhz regional və iqtisadi inkişafın sülh üçün şərait yaradacağına inandığını bildirib.

Forum iştirakçılarına minnətdarlığını bildirən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın aparıcı rolu ilə regionda həyata keçirilən əhəmiyyətli infrastruktur layihələri barədə danışıb, regional təhlükəsizlik mühitinə də toxunub. O, ticarət və qarşılıqlı iqtisadi bağlılığın sülhün və təhlükəsizliyin təminatçısı olduğunu bildirib. Azərbaycanın hər zaman nəinki öz rifahını, eləcə də regionun ümumi inkişafını özünə vacib məqsəd kimi gördüyünü qeyd edən səfir bu xüsusda ölkəmizin regionda öz tərəfdaşları ilə əldə etdiyi nailiyyətlərlə fəxr etdiyini, gələcəkdə də regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Tarixi İpək Yolunun yalnız ticarət və nəqliyyat dəhlizi kimi deyil, eyni zamanda, mədəniyyətlər mübadiləsi məkanı olduğunu deyən E.Süleymanov bu həftə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının forumunun keçirilməsini xatırladıb, bu qlobal yanaşmanın Azərbaycan Prezidenti İlham Əliyevin baxışını əks etdirdiyini bildirib. O, son günlərdə Ermənistan ilə Azərbaycan arasında yaşanan hərbi gərginliyə də toxunub, ölkəmiz və onun tərəfdaşlarının müsbət, konstruktiv və əməkdaşlığa istiqamətlənən yanaşmasını münaqişə, etnik təmizləmə və iqtisadi böhrana aparan siyasətlə kontrastını vurğulayıb. Regionumuzun rifahlı gələcəyi yalnız Azərbaycanın və onun tərəfdaşlarının bölüşdüyü baxışlar əsasında mümkündür.

Daha sonra çıxış edən Türkiyənin səfiri Sərdar Kılıç, Qazaxıstan səfiri Kairat Umarov və Gürcüstan səfirinin müavini Giorgi Xelaşvili Trans-Xəzər yolunun region ölkələri üçün olduqca önəmli layihə olduğunu və bu dövlətlərin Azərbaycanla bu istiqamətdə əməkdaşlığı daha da dərinləşdirilməsi niyyətində olduqlarını bildiriblər.

ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman çıxışında regionun qədim ticarət tarixinə, region ölkələrinin yüksək insan kapitalına və dinamik cəmiyyətlərə malik olduqlarını vurğulayıb.

“Trans-Cənubi Qafqaz gömrük və ticarətin inkişafı”, “Dənizdən Dənizə inteqrə edilmiş regional tranzit və loqistika infrastrukturu”, “Sərmayə imkanları” mövzularına həsr edilmiş panellər ABŞ ticarət nazirinin köməkçisinin müavini Maykl Lalli, Dünya Bankının regionumuz üzrə icraçı direktoru Yorq Friden və Cons Hopkins Universitetinin professoru, İpək Yolu üzrə tanınmış ekspert Frederik Star tərəfindən idarə edilib. Panel müzakirələrində Dünya Bankının nümayəndələri ilə yanaşı, beynəlxalq loqistika və yükdaşımalar üzrə tanınmış ekspert Maykl Profit, eləcə də Azərbaycan Respublikasının Tranzit Yüklər üzrə koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının icraçı direktoru Taleh Ziyadov, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, Azərbaycan Dəmiryolları QSC-nin sədrinin müşaviri Vüsal Aslanov və digər region ölkələrinin nümayəndələri iştirak ediblər.

Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Forumu ABŞ hökumətində və biznes dairələrində böyük maraq doğurmaqla yanaşı, eyni zamanda, sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Dünyanın beynəlxalq aparıcı şirkətləri ilə yanaşı, Azərbaycanın “Silk Way Airlines” aviaşirkəti də tədbirə dəstək verən tərəfdaşlar sırasında olub.