YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva: Bakıdakı Qlobal Forum bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafına xidmət edəcək

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üzrə birgə səylərə xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Qlobal Forum çərçivəsində keçirilən gənclər forumu zamanı deyib.

Leyla Əliyevanın sözlərinə görə, ən maraqlı və zəkalı insanların burada, Azərbaycanda toplaşması xoş haldır.

Fondun vitse-prezidenti bildirib ki, Azərbaycan qədim ənənələri, zəngin tarixi olan ölkə, Şərqlə Qərbin kəsişməsində yerləşən məkandır: "Keçmişdə Azərbaycan tarixi İpək yolunda iri mərkəz olub".

Leyla Əliyeva əlavə edib ki, bu, ölkə mədəniyyətinə böyük təsir göstərməklə Azərbaycanı tolerantlığa, yeni ideya və dialoqa inanan ölkəyə çevrib.

Fondun vitse-prezidenti qeyd edib ki, Azərbaycanın unikal coğrafi mövqeyi də onun landşaftına təsir göstərib: "Azərbaycanda çoxlu dağ, meşə, çəmən və ovalıqlar var. Həqiqətən də Azərbaycanda 11 iqlim zonasından 9-u mövcuddur ki, bu da bizim üçün çox zəngin təbii mühiti və biomüxtəlifliyi təmin edir. Belə inanılmaz tarixə, müxtəlif mədəniyyət və zəngin biomüxtəlifliyə malik olduğumuza görə Azərbaycanda bizim bəxtimiz çox gətirib və mən əminəm ki, ölkəmizə gəlişinizdən zövq alacaqsınız".

Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının - FAO - xoşməramlı səfiri kimi diqqətə çatdırıb ki, hazırda aclıqdan və onunla bağlı səbəblərə görə hər dörd saniyədə bir nəfər dünyasını dəyişir.

Fondun vitse-prezidentinin sözlərinə görə, ən çox uşaqların ölməsi acınacaqlı haldır.

Leyla Əliyeva bu problemin həllində FAO-nun "Sıfır aclıq" təşəbbüsünü də vurğulayıb: "Buna baxmayaraq, biz birlikdə işləməli və çox çalışmalıyıq ki, heç bir uşağın aclıq və doyunca yeməməkdən ölmədiyi dünyanı təmin edək".