YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“American Thinker” jurnalı: Ermənistan Azərbaycan ərazisinin beşdəbir hissəsini işğal altında saxlayır

ABŞ-ın “American Thinker” elektron jurnalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yayıb.

Məqalənin müəllifi Raul Laueri Kontreras bu yaxınlarda ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammiti başa çatan kimi Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində toqquşmaların baş verdiyini qeyd edir. Tərəflər arasında atəşkəsin 22 il əvvəl əldə olunduğunu yazan müəllif beynəlxalq miqyasda Azərbaycanın tərkib hissəsi kimi tanınmış Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, ölkə ərazisinin beşdəbir hissəsinin Ermənistanın işğalı altında qaldığını diqqətə çatdırır. O vurğulayır ki, aprelin əvvəlində toqquşma Azərbaycan ərazisində baş verib. Hər iki tərəfdən itkilər olub. Azərbaycan bir sıra strateji mövqeləri azad edib. Müəllif bir daha vurğulayır ki, bu torpaqlar beynəlxalq miqyasda tanınmış Azərbaycan əraziləridir.

Məqalədə Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşı olduğu, bu ölkənin Əfqanıstana yüklərin daşınmasında öz hava məkanından istifadəyə icazə verdiyi diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycan əsgərləri indi də sülhməramlıların tərkibində Əfqanıstanda xidmət göstərirlər.

Müəllif BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələri də qeyd edir, Azərbaycanın yalnız öz ərazisini qoruduğunu diqqətə çatdırır. Vurğulanır ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bir milyon azərbaycanlının öz yurd-yuvalarını tərk etməsinə səbəb olub.

Müəllif qeyd edir ki, Ermənistan 20 ildən artıqdır işğal altında saxladığı Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi geri qaytarsaydı, aprelin əvvəlindəki toqquşma da baş verməyəcəkdi. ABŞ regiondakı həqiqi tərəfdaşı olan Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidir.