YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan tərəfi meyitlərini hələ də götürmək istəmir

Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də əldə edilmiş razılaşmaları pozur, beynəlxalq vasitəçilərin təşəbbüsünü saymır və əvvəlcədən cəzasızlığını bilərək özünə sərf edən şəkildə davranmağa davam etməklə, gərginliyin artması istiqamətində açıq-aydın addımlar atdığını nümayişkaranə göstərir.

Bunu Ermənistan tərəfinin beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycanın hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina etməsi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub: “Azərbaycanın hərbi qulluqçusunun meyitinin geri qaytarılmasına ermənilərin əvvəlcədən razılıq verməsinə baxmayaraq, sonradan bu məsələyə rədd cavabı verməsi, cəbhənin hər iki tərəfindəki vasitəçiləri sözün əsl mənasında şoka salıb. Təəssüf doğuran bir məsələ də odur ki, proseslərdə iştirak edən vasitəçilər də ermənilərin bu addımlarına prinsipial yanaşmır, onlara qarşı sərt tədbirlər görməyə, düşmən tərəfin hərəkətlərinə qiymət verməyə və münasibət bildirməyə tələsmirlər. Bu, həm də sülhməramlı missiyanı yerinə yetirməklə bütün dünyada ad çıxarmış Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT kimi beynəlxalq təşkilatların imicinə zərbə vurulması və işgüzar nüfuzuna xələl gətirilməsi deməkdir.

Eyni zamanda, hər iki tərəfin döyüş meydanında qalmış hərbi qulluqçularının meyitlərinin çıxarılması zamanı vasitəçilərin heç bir foto-video çəkilişlərin aparılmaması barədə dəfələrlə xəbərdarlığına məhəl qoymayan ermənilər yenə də gizli şəkildə bunu həyata keçiriblər. Hələ bu azmış kimi, həmin videokadrlar sosial şəbəkələrə yerləşdirilərək yayımlanıb. Yalnız Azərbaycan tərəfinin beynəlxalq vasitəçilərə israrlı etirazından sonra videokdrların çıxarılmasına nail olunub. Mənəvi cəhətdən deqradasiyaya uğrayan ermənilər hətta insan ölümündən, faciədən də öz maraqları üçün hər zaman olduğu kimi, istifadə etməyə çalışır, çirkin vasitələrə əl atımaqdan belə çəkinmirlər.

Digər bir məqam isə beynəlxalq vasitəçilərin müraciətinə anlayışla yanaşan Azərbaycan tərəfinin, ermənilərin öz meyitlərini axtararaq çıxarmaları üçün onlara ideal şəraitin yaradılması məsələsidir. Ancaq hər cür şəraitin yaradılmasına rəğmən, tərəfimizdən müşahidə edilmişdir ki, düşmən tərəfi döyüşdə ölən əsgər və zabitlərinin cəsədlərinin toplanılmasında heç də fəallıq göstərmir, bu məsləyə biganə, laqeyd yanaşır, hərbi qulluqçuların nəşinin valideynlərinə çatdırılmasında maraqlı olmadıqlarını sübut edirlər. Ehtimal ki, hələ də döyüş meydanında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya dünyanın digər qaynar nöqtələrindən könüllü adı ilə cəlb edilmiş terrorçuların cəsədləridir”.