YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB iştirakçısı olan dövlətlərin Gənclik Məsələləri üzrə Şurasının iclası keçirilib

Aprelin 14-15-də Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gənclik Məsələləri üzrə Şurasının iclası keçirilib. Birliyin qərargahının mətbuat xidmətindən verilən məlumata görə, iclas MDB-nin 25 illiyinə və Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilib.

Tədbirdə ölkəmizi Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qurbanov və Azərbaycanın Minskdəki səfirliyinin müşaviri Zülfüqar Tanrıverdi təmsil edib.

Şura üzvləri MDB iştirakçısı olan dövlətlərin 2020-ci ilə qədər olan dövr üçün gənclərin beynəlxalq əməkdaşlıq strategiyasının həyata keçirilməsi ilə əlaqədar 2014-2015-ci illər üçün tədbirlər planının yerinə yetirilməsinin müsbət nəticə verdiyini qeyd ediblər. Vurğulanıb ki, bu nəticələr gənclərin ictimai birlikləri və Birlik dövlətləri gənclərinin müxtəlif qruplarının nümayəndələri arasında qarşılıqlı əlaqələrin güclənməsinə şərait yaradıb. 2016-2017-ci illər üçün müvafiq planın keyfiyyətli şəkildə reallaşdırılması üzrə bütün mümkün tədbirlərin görülməsi qərara alınıb.

Görüşdə Birliyin iştirakçısı olan dövlətlərin gənclərlə iş və gənclər arasında sahibkarlığın inkişafı üzrə baza təşkilatları barədə qərar layihələrinin MDB Hökumət Başçıları Şurasının növbəti iclasının müzakirəsinə təqdim edilməsi qərara alınıb.

İclasda MDB ölkələrində “Gənclərin şüurunda keçmiş və gələcək obrazı” mövzusunda araşdırmanın təşkili və 2017-ci ildə keçiriləcək Gənclərin və Tələbələrin XIX Ümumdünya Festivalına hazırlıq məsələlərinə də toxunulub.

Birliyin yaradılmasının 25 illiyinə və Gənclər məsələləri üzrə Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilmiş məcmuənin konsepsiyası bəyənilib, “MDB üçün 100 ideya” Beynəlxalq Gənclik Layihəsinin və MDB-nin yaradılmasının 25 illiyinə həsr edilmiş layihə iştirakçılarının ən yaxşı işlərinin sərgi-təqdimatına yekun vurulub.

Gənclər məsələləri üzrə Şuranın iş reqlamentinə uyğun olaraq Minskdə keçirilən iclasda Qazaxıstanın elm və təhsil nazirinin müavini Takir Balıkbayev Şuranın yeni sədri seçilib.

Şura üzvləri növbəti görüşün cari ilin ikinci yarısında Bakıda keçirilməsini nəzərdə tuturlar.