YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Azərbaycan Ordusu işğalçı Ermənistana ağır zərbə vurub

Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını qonağın diqqətinə çatdırıb.

Nazir beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qalmasını da bir daha qonaqlara xatırladıb.

Z.Həsənov deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub. Lakin Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud “status-kvo”nu saxlamaqda davam edir.

Nazir deyib: “Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır. Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik. Əks-halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcək”.

Görüşdə iştirak edən Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə göstərdikləri hörmətsizliyi və digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.

Sonda qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.