YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Lüksemburq şəhərində Azərbaycanın Xarici İşlər və Lüksemburqun Xarici və Avropa İşləri nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirin müavini Xələf Xələfov Lüksemburq Xarici və Avropa İşləri Nazirliyinin baş katibi Mark Ungeheuer və Beynəlxalq iqtisadi əlaqələr və Avropa məsələləri üzrə direktoru Qaston Stronk ilə görüşlər keçirib.

Görüşlərdə qarşıdan gələn dövrdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması imkanları müzakirə edilib, regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini X.Xələfov Lüksemburqun Böyük Hersoqu Anrinin ötən il Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladıb, yüksək səviyyəli səfərlərin siyasi əlaqələrin inkişafına təkan verdiyini deyib və bunun gələcəkdə davam etdirilməsinin vacibliyini önə çəkib.

O, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri haqqında Lüksemburq tərəfinə ətraflı məlumat verib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması sahəsində Lüksemburq investisiya fondlarının və şirkətlərinin cəlb edilməsi üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Nazir müavini Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində son dövrlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaşanan hadisələr haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb və Azərbaycanın münaqişənin həlli yolları ilə bağlı mövqeyindən söhbət açıb.

Lüksemburq tərəfi keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib, həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib. Lüksemburqun islam sərmayəçiliyi sahəsində dünyada ilk yeri tutan qeyri-müsəlman ölkəsi olduğunu diqqətə çatdırılıb, ölkənin yüksək inkişaf səviyyəsi əldə etdiyi investisiya fondları və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq qurulmasını, habelə Lüksemburqun nəqliyyat və logistika sahəsində Avropada qabaqcıl təcrübəyə malik olduğunu nəzərə alaraq iki ölkə arasında yük daşımaları sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi təklif edilib.

Bununla əlaqədar, göstərilən istiqamətlər üzrə tərəflər arasında təmasların davam etdirilməsi və qarşıdan gələn dövrdə hər iki ölkənin ixtisaslaşmış dövlət qurumlarının bu fəaliyyətə cəlb edilməsi təklif olunub.