YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan KİV-i, informasiya resursları hər bir situasiyada informasiyanın idarə olunması təcrübəsinə malikdir

«Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və ölkəmizin regional aktor kimi dünya siyasətində mövqeyinin möhkəmlənməsi, ilk növbədə, bizim dost və tərəfdaşlarımızın artmasına səbəb olub. Digər tərəfdən, Azərbaycanın hərbi-siyasi müstəvidə güclənməsi və öz müstəqil mövqeyini nümayiş etdirməsi ölkəmizə qarşı, bir növ, məcburi hörmət yaradıb. Əgər ermənilərin bu təxribatları uğurlu olsaydı, əminəm ki, Azərbaycanı bu səviyyədə beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin rəsmiləri və media orqanları dəstəkləməyəcəkdi. Azərbaycanın gücü və mövqeyi məcbur etdi ki, dostlarımız könüllü şəkildə, bizi sevməyənlər isə məcburən gücümüzü etiraf etsinlər». Bu fikirləri yap.org.az saytına «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, ABŞ-ın, Fransanın, Almaniyanın və Avropanın bir sıra aparıcı ölkələrinin siyasətçiləri, parlamentariləri, o cümlədən postsovet məkanında olan Qazaxıstan, Belarus, Ukrayna kimi ölkələr bizim haqlı mövqeyimizi müdafiə etdilər. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman bu cür olub ki, etnik separatizm yolverilməzdir, bu cür neqativ hallar yayılaraq çox ciddi təhdidlər yarada bilər və arzuolunmaz nəticələrə gətirib çıxarar: «Heç kim zəmanət verə bilməz ki, belə hadisələr sonrakı dövrdə bütün Avropanı bürüməyəcək, II Dünya müharibəsindən sonra yaranmış beynəlxalq hüquq və nizam pozulmayacaq. Məhz son hadisələrdən sonra Avropa və bütövlükdə, dünya ictimaiyyəti Azərbaycanın bu mövqeyinin doğruluğunu təsdiq etdi».

Millət vəkili qeyd edib ki, hazırkı mərhələdə hər hansı bir xalqın, dövlətin milli gücünü qiymətləndirərkən, ilk növbədə, onun informasiya gücünə də xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, aprel ayının 1-dən 2-nə keçən gecə qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hadisələrin fonunda biz bir daha Azərbaycanın informasiya məkanında nələrin baş verdiyinin və bütövlükdə, qlobal informasiya məkanında hadisənin işıqlandırılması ilə bağlı hansı müxtəlif yanaşmaların ortaya qoyulduğunun şahidi olduq. Bütövlükdə bəlli oldu ki, Azərbaycan KİV-i, informasiya resursları hər bir situasiyada informasiyanın idarə olunması təcrübəsinə malikdir.

«Əlbəttə, informasiya məkanı dedikdə təkcə media və KİV deyil, eyni zamanda, vətəndaş jurnalistikası – sosial şəbəkələr, müəyyən internet resursları da nəzərdə tutulur. Burada vəziyyət arzuolunan səviyyədə deyildi, amma bütövlükdə, bu istiqamətdə də müsbət dinamika və tendensiyanın şahidi olduq. Bu, onu göstərir ki, Azərbaycanın informasiya məkanı idarəediləndir. Müharibə şəraitində milli informasiya məkanının idarə olunması, yönləndirilməsi və səfərbər edilməsi çox vacib məsələdir və Azərbaycanın müvafiq strukturları, ümumi ictimai düşüncə bu proseslərdə əsas məntiqi düzgün müəyyən edib»- deyə, H.Babaoğlu vurğulayıb.