YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 96-cı ildönümü münasibətilə irimiqyaslı birgə əməliyyat-taktiki təlimin əsas mərhələsini izləmişdir

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilmişdir. 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri izləmişdir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. 

General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə birgə əməliyyat-taktiki təlimdə nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxemi barədə məlumat verdi.

Sonra dövlətimizin başçısına Azərbaycan Ordusunun yeni, ən müasir standartlara cavab verən hərbi texnika, silah və sursatları təqdim olundu.

Azərbaycan Silahlı Qüvvələrinin texnika, silah və sursatlarına baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışlarına başlandı.

Dövlətimizin başçısı əvvəlcə Hərbi Hava Qüvvələrimizin yeni silahlarından olan “Buk-MB” zenit-raket kompleksinin atış prosesini izlədi.

Sonra Ali Baş Komandan İlham Əliyev artilleriya sistemlərinin nümunəvi atışlarına baxdı.

Ali Baş Komandan İlham Əliyev sonra 306 millimetrlik “Exstra” yüksək dəqiqlikli raket kompleksinin atışını da izlədi.

Ali Baş Komandana “Spike” tank əleyhinə idarəolunan raket kompleksinin imkanları da nümayiş etdirildi.

Yeni silah sistemlərinin nümunəvi atışları başa çatdıqdan sonra birgə əməliyyat-taktiki təlimin fəal mərhələsi başlandı.

Ali Baş Komandan birgə əməliyyat-taktiki təlimin fəal mərhələsi çərçivəsində əvvəlcə sərhəd zastavasının silahlı basqını dəf etməsi, çevik hərəkət bölüyünün sərhədi gücləndirməsi, Silahlı Qüvvələrin birləşmə və hissələrinin sərhədi ötmə məqsədilə müdafiəyə keçməsini əks etdirən birinci epizodu izlədi.

Birgə əməliyyat-taktiki təlimin ikinci epizodunda Daxili Qoşunların desant əleyhinə ehtiyata təyin edilmiş bölməsinin düşmənin taktiki hava desantını təcrid edərək onun məhv etməsi prosesi təqdim olundu.

Birgə təlimin üçüncü epizodunda genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi və düşmən qüvvələrinin darmadağın edilməsi əksini tapdı. Əks-hücum əməliyyatında əvvəlcə artilleriya birləşməsi və hissələri hücum əməliyyatının artilleriya hazırlığı dövründə atəş basqını həyata keçirdi. Artilleriya hazırlığı başa çatdıqdan sonra növbə aviasiya zərbələrinə çatdı. Aviasiya zərbələrini “MiQ-29” qırıcı-bombardmançı, “SU-25” hücum təyyarələri və “Mi-24” döyüş helikopterləri yerinə yetirdi. Düşmənə endirilən aviasiya zərbələri nəticəsində onun dərinlikdəki canlı qüvvəsi və döyüş texnikası məhv edilir, artilleriyası susdurulur və idarəetmə məntəqələri sıradan çıxarılır.

Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi.

İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxış etdərək, bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü
münasibətilə ürəkdən təbrik edir, Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzuladı.

Ali Baş Komandan təlimlərdə iştirak etmiş bütün şəxsi heyətə göstərdikləri peşəkarlığa görə minnətdarlığını bildirdi.

Daha sonra dövlətimizin başçısının 2014-cü il 24 iyun tarixli müvafiq Sərəncamına uyğun olaraq bir qrup hərbçiyə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları, eləcə də qiymətli hədiyyələr təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.