YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankı Azərbaycanda içməli su və kanalizasiya infrastrukturları layihələrinin maliyyələşdirilməsində iştirak edəcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icrası haqqında ətraflı müzakirələr aparılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, müzakirələr aprelin 12-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Şon Sullivanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı baş tutub.

ASC-nin sədri Qorxmaz Hüseynov “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulduğunu xatırladaraq qeyd edib ki, layihənin icrası nəticəsində əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb. Layihənin əhatə etdiyi Ağdaş və Beyləqan şəhərlərində isə tikinti-quraşdırma işləri yekunlaşma ərəfəsindədir.

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Şon Sullivan “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icrasından razılığını bildirib və əlavə edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır.

Görüşdə “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icrası və növbəti mərhələlərdə maliyyələşdiriləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

Bu layihə çərçivəsində Göyçay şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatmış, tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq gedir.

Ağdaş və Beyləqan şəhərlərində isə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.

Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender keçirilib və 2016-cı ildə işlərə başlanılacaq.