YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisin 7-ci rayonunun meri Rəşidə Datinin təşəbbüsü ilə “Azərbaycan, sivilizasiyaların kəsişməsində” mövzusunda görüş keçirilib

Parisin 7-ci rayonunun meri Rəşidə Datinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Mərkəzində “Diplomatique club”un üzvləri ilə “Azərbaycan, sivilizasiyaların kəsişməsində” mövzusunda görüş keçirilib.

Tədbiri açan Rəşidə Dati dini tolerantlıq sahəsində Azərbaycanın dünya ölkələrinə nümunə olduğunu vurğulayıb. O, ölkəmizin çox mürəkkəb siyasi bir məkanda yerləşdiyini diqqətə çatdırıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin tarixi, coğrafi mövqeyindən danışaraq, onun sivilizasiyaların qovuşuğunda, böyük İpək Yolu üzərində yerləşdiyini, Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolu oynadığını, müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu vurğulayıb.

Azərbaycan ilə Fransa arasında iqtisadi, siyasi, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığa toxunan diplomat ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib, Fondun Strasburqda və Fransanın digər regionlarındakı kilsələrin təmirində, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində yaxından iştirak etdiyini bildirib. Səfir Fondun Fransada mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən ətraflı söhbət açıb.

E. Əmirbəyov 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin müstəqillik mübarizəsinin asan olmadığını, onun silahlı münaqişə ilə üzləşdiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və təcavüzkar siyasətindən danışan diplomat deyib ki, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ermənistan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur.

Aprelin 2-də qoşunların təmas xəttində baş vermiş hadisələrdən danışan səfir qeyd edib ki, həmin gün Ermənistan silahlı qüvvələri ağır artilleriyadan intensiv atəş açaraq atəşkəsi pozub. Azərbaycan tərəfdən qoşunların təmas xətti boyunca dinc əhalinin məskunlaşdığı kəndlər, qəsəbələr yerləşdiyinə görə erməni silahlı qüvvələri sərhədyanı bölgələrdə yaşayan dinc əhalini, xəstəxanaları, məktəbləri hədəfə alıb. Azərbaycan Ordusu yalnız dinc əhali arasında qurbanlar olduqdan sonra cavab tədbirləri görüb. Bütün bunlara baxmayaraq, Ermənistan yenə də özünü qurban kimi qələmə verərək, erməni lobbisi vasitəsilə bütün dünya, eləcə də Fransa mətbuatında və xarici siyasət dairələri yanında geniş dezinformasiya kampaniyası aparır. Diplomat Azərbaycanın öz ərazilərində müdafiə tədbirləri gördüyünü vurğulayıb.

Səfir bildirib ki, münaqişənin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində olmasıdır. O vurğulayıb ki, beynəlxalq hüquq, ilk növbədə, ölkələrin ərazi bütövlüyü prinsipinə riayət olunmasını tələb edir. Helsinki Yekun Aktına görə, xalqların öz müqəddəratını təyin etməsi yalnız ərazi bütövlüyünə xələl gətirmədən mümkündür.

Dağlıq Qarabağ münaqişəsinin həllində işğal edilmiş torpaqların geri qaytarılması, məcburi köçkünlərin öz doğma yurdlarına dönməsi, iki ölkə arasında münasibətlərin bərpası və qarşılıqlı etimadın yaradılmasının önəmindən danışan səfir ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Bildirib ki, yalnız Ermənistan silahlı qüvvələri işğal altında olan ərazilərdən çıxarıldıqdan sonra münaqişənin həllindən danışmaq mümkündür.