YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya mətbuatı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrdən yazır

Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı məlumatlar bu ölkənin nüfuzlu analitik-informasiya portallarında yerləşdirilib.

Səfirlikdən bildiriblər ki, məlumatlarda aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə atəş açıldığı, nəticədə mülki əhali arasında tələfatın olduğu qeyd edilir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks hücuma keçdiyi, keçirilən uğurlu hərbi əməliyyatlar zamanı bir neçə yaşayış məntəqəsi və strateji yüksəkliklərin işğalçılardan azad edildiyi bildirilir. Əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən insan itkiləri və dəymiş maddi ziyan barədə məlumat verilir.

Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bitərəfli qaydada atəşkəs elan etdiyi, Ermənistan silahlı qüvvələri tərəfindən diversiya-təxribat hərəkətlərinə yol verilmədiyi təqdirdə ölkəmizin atəşkəsə sadiq qalacağı bildirilir, əks-təqdirdə daha şiddətli əks-hücum əməliyyatlarına başanılacağı vurğulanır.

Məlumatlarda qeyd olunur ki, Ermənistan tərəfinin mülki əhalini hədəf alması beynəlxalq ictimaiyyət tərəfindən sərt qınanılmalıdır.

“BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bununla belə, Ermənistan bu tələblərə məhəl qoymayaraq, mülki əhalini hədəf alır və vəziyyəti daha da gərginləşdirir”, - deyə səfirliyin açıqlamasında qeyd olunur.

Yazılarda vurğulanır ki, Azərbaycan dəfələrlə Ermənistan qoşunlarının işğal etdiyi ərazilərimizdə mövcudluğunun münaqişənin həlli üçün başlıca maneə, habelə təmas xəttində insidentlərin baş verməsinə və vəziyyətin gərginləşməsinə səbəb olmasını bildirib. Davamlı sülhə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır, bu xüsusda beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqi əhəmiyyətlidir.

Məlumatların sonunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs olunur.