YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan xalqı Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olduğunu bir daha nümayiş etdirdi

«Son günlərdə Ermənistanın təxribatı nəticəsində cəbhə xəttində atəşkəsin pozulması və yaranan qarşıdurmanın səbəbi Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması, Ermənistanın Azərbaycana qarşı aqressiyasının davam etməsidir. Ermənistan işğalçı dövlət olaraq Azərbaycana məxsus Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalını davam etdirməkdə, status-kvonu saxlamaqda, bu səbəbdən də danışıqlarda sadəcə olaraq beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə iştirakda maraqlıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərdə beynəlxalq hüququn tələblərinin bərpa edilməsinə nail ola bilməyib. Onun sözlərinə görə, işğalçı Ermənistana zəruri təzyiqi göstərməyən Minsk qrupunun həmsədrləri Azərbaycanın münaqişənin başqa beynəlxalq qurumların gündəliyinə çıxarılması cəhdlərinə də qısqanclıqla yanaşırlar.

«Son hadisələrlə bağlı bir sıra beynəlxalq təşkilatlar öz mövqelərini bildirdilər. Mən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü kimi bu qurumun sədrinin bəyanatını çox yüksək qiyimətləndirirəm. ATƏT də məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşmalıdır. Cəzasızlıq mühiti isə Ermənistanı öz təxribatçı əməllərini genişləndirməyə sövq edir. Buna baxmayaraq, Azərbaycan düşmənin hərbi avantürasına layiqli cavab verməklə və işğalçıları cəzalandırmaqla öz ordusunun gücünü bir daha göstərdi. Strateji əhəmiyyətli bir sıra məntəqə və yüksəkliklərin ələ keçirilməsi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizi azad etmək gücünü və əzmini göstərdi. Bu həm də Ermənistana və onun havadarlarına münaqişənin tezliklə sülh yolu ilə ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyi mesajını verdi. Bu müddətdə Azərbaycan xalqı da Azərbaycan Prezidenti və Azərbaycan Ordusunun yanında olduğunu, Ali Baş Komandana və Silahlı Qüvvələrimizə inamını nümayiş etdirdi»- deyə, S.Fətəliyeva vurğulayıb.