YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin poçtundan: Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik

“Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik”. Bu fikirlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin elektron poçtuna gələn yüzlərlə məktub və müraciətin leytmotivini təşkil edir 

Azərbaycan xalqı öz tarixinin çətin sınaqlarından birini yaşayır. Ermənistanın cəbhə xəttində törətdiyi silahlı təxribat nəticəsində yaranan gərginlik, şəhər və kəndlərimizin atəşə tutulması, tələfat və dağıntılar barədə xəbərlər ölkə ictimaiyyəti ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız və Azərbaycanın dostları tərəfindən həyəcanla izlənilir. İtkilərimiz kədər və təəssüf, Milli Ordumuzun düşmənin layiqli cavabını verməsi, uğurlu hərbi əməliyyatlar isə sevinc və qürur hissləri doğurur. Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevə ünvanlanmış məktub və müraciətlərdə bu hiss və həyəcanlar dilə gətirilir, dövlətimizin başçısının prinsipial və qətiyyətli mövqeyi birmənalı olaraq dəstəklənir və alqışlanır.

AZƏRTAC Prezidentin saytına istinadla Azərbaycan vətəndaşlarının yaxın və uzaq ellərdən Prezident İlham Əliyevin ünvanına gələn bir sıra məktub və müraciətləri təqdim etmişdir.

Almaniyadan Menderes Çağlayan: Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm

Almaniyada yaşayan Menderes Çağlayan Azərbaycan Prezidentinə müraciətlə deyir: “Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik”.

Türkiyədən Mahmut Koç: Son qələbə də bizimdir

“Biz həmişə qardaş Azərbaycan xalqının yanındayıq və haqq bizim yanımızda olduğuna görə, son qələbə də bizimdir. Düşmənin dərsini həmişə belə vermək lazımdır”. Bu fikirlər Türkiyə vətəndaşı Mahmut Koçun məktubunda yer alır.

Türkiyədən Günay Aytan: Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi məni çox sevindirdi

Məktub müəlliflərindən biri Azərbaycan əsilli, Türkiyə vətəndaşı Günay Aytandır. O, bu çətin gündə azərbaycanlı qardaşları ilə birgə nəfəs aldığını deyərək yazır: “Ermənistan ilə müharibədə qardaşlarımın yanında olmaq, onlarla birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Azərbaycan Ordusunun son günlərdə düşmən üzərində qələbəsi məni çox sevindirdi. Mən də Sizin Ali Baş Komandanlığınız altında ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etməyə hazıram”.

İraq Türkmənləri Cəbhəsinin rəhbəri Ərşət Salihi:  Vətən uğrunda şəhid olmaq böyük şərəfdir

İraq Türkmənləri Cəbhəsinin rəhbəri Ərşət Salihi yazır: “Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.

Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu və birliyi”.

Belarusdan Seymur Babayev:  Milli Ordumuzda könüllü xidmət etmək istəyirik

Belarusda yaşayan soydaşımız Seymur Babayev Milli Ordumuzda könüllü olaraq xidmət etmək istədiyini və bunun şərəf işi

olduğunu bildirərək yazır: “Mən Vətəndən uzaqda yaşayıram. Könüllü olmaq və ölkəmi müdafiə etmək istəyirəm. Könüllü kimi mənim namizədliyimi nəzərdən keçirməyi xahiş edirəm, çünki Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəfdir”.

Ukraynadan Elmir Misirzadə: Xarkov şəhərində təhsil alan tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq

Ukraynada təhsil alan tələbələrimiz də Ordumuza dəstək nümayiş etdirirlər. Elmir Misirzadə onların adından Azərbaycan Prezidentinə müraciət edərək bildirir: “Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr son günlər cəbhədə düşmən təxribatlarının qarşısının Milli Ordumuz tərəfindən qətiyyətlə alınmasından qürur duyurlar. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq”.

Birləşmiş Krallıqdan Cavid Məmmədli: Sizin əmrinizi gözləyirəm

“Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibətilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”. Bu məktubu Birləşmiş Krallıqdan Cavid Məmmədli yazıb.

Moskvadan Ruslan Ələkbərov: Azərbaycan Ordusunun cəbhədə nail olduğu hərbi üstünlük məni çox sevindirdi

Moskvada yaşayan həmyerlimiz Ruslan Ələkbərov Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət etmək istəyini dilə gətirir: “Vətəndən uzaqlarda yaşasam da, ürəyim daim öz xalqımın yanındadır. Azərbaycan Ordusunun cəbhədə nail olduğu hərbi üstünlük məni çox sevindirdi. Xahiş edirəm, məni könüllülük əsasında Azərbaycan Ordusu sıralarına qəbul edəsiniz. Mən Azərbaycan Hərbi Hava Qüvvələri sıralarında xidmət etməyə hazıram”.

Litvadan Mahir Həmzəyev: Ordumuzun irəliləməsini alqışlayırıq

Vilnüsdə yaşayan soydaşlarımız da Ordumuzun qələbəsindən qürur duyduqlarını bildirirlər. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev yazır: “Zati-aliləri cənab Prezident İlham Əliyev. Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və Ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, döyüş əməliyyatlarında iştirak etməyə həmişə hazırıq. Təbliğat və informasiya savaşında Azərbaycana Baltik ölkələrində hər cür dəstək verir, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”.

Müraciət müəllifi Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırır.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri də ölkəmizlə və Ali Baş Komandanımızla həmrəylik nümayiş etdirirlər.

Onların dövlətimizin başçısına ünvanladıqları müraciətdə deyilir: “Cənab Ali Baş Komandan. Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir. Sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması hamımızı sevindirir. Biz döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti xaricdə yaşayan hər bir soydaşımızın qürur mənbəyidir. Vətənimizin ayrılmaz hissəsi olan tarixi Qarabağ torpaqlarımızın işğalçı Ermənistan ordusundan təmizlənməsi naminə biz - xaricdə təşkilatlanmış azərbaycanlı gənclər qeyd etmək istəyirik ki, bu şərəfli və tarixi gündə doğma Vətəndə yaşayan soydaşlarımızın yanındayıq. Bu amalla yaşayır, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin”.

Ehtiyatda olan hərbiçi  Eldar Bəhramov: Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram

Prezidentə müraciət edənlər arasında ehtiyatda olan hərbiçilərimiz də var. Onlardan biri Eldar Bəhramov yenidən ordu sıralarına qayıtmaq istədiyini bildirərək yazır: “Cənab Ali Baş Komandan, ilk növbədə, Sizə öz minnətdarlığımı bildirirəm. Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürəkaçan uğuruna sevinir və Ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı və bir qarabağlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də buna hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, yaxşı ki, Siz varsınız və ordumuza ruh yüksəkliyi verirsiniz. İnşallah, Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndidə dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl Vətənimin belə gözəl əsgəri və Ordumuzun Sizin kimi Ali Baş Komandanı var”.

Bakı sakini İmdad Bayramov: Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik

Bakı sakini İmdad Bayramov ölkəmizin iqtisadi inkişafından və hərbi qüdrətinin artmasından qürur duyduğunu bildirərək Prezident İlham Əliyevı müraciətlə yazır: “Sizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyiniz islahatlar gözəl bəhrələr verir və bizi ürəkdən sevindirir. Son günlər Ordumuzun cəbhə bölgəsində qazandığı qələbəyə görə Sizə - Ali Baş Komandanımıza dərindən təşəkkür edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizinlə fəxr edirəm. Ordumuzun cəbhədəki uğurları Azərbaycanın qüdrətinin göstəricisidir. Biz Prezidentimizlə fəxr edirik, hər zaman Sizin və dövlətimizin əsgəriyik”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar və müraciətlər gəlməkdə davam edir.