Xəbərlər
V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul etmişlər
Qəbələdə keçirilən “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə müraciət qəbul etmişlər.
Müraciətdə deyilir ki, prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq xoş ənənəyə çevrilmişdir və ölkələrimiz arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.
Müraciətdə daha sonra deyilir: “Hər iki ölkədən parlament üzvlərinin, regionların, dövlət orqanlarının, özəl şirkətlərin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən beşinci forumda ictimai, sosial-iqtisadi və humanitar əlaqələrin inkişafının əsas istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılmışdır. “Dəyirmi masa”lar çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının perspektivləri ətraflı müzakirə olunmuşdur”.
Forum iştirakçıları bildirmişlər ki, iş adamları hər iki ölkənin regionlarının potensial investisiya layihələri ilə tanış olmuş, qarşılıqlı faydalı və uzunmüddətli kooperasiya əlaqələrinin qurulması üçün birbaşa əlaqə yaratmaq imkanı əldə etmişlər. Sənəddə deyilir: “Forum çərçivəsində 6 idarələrarası saziş və 5 biznes-kontrakt imzalanmışdır. Forumun tədbirləri mehriban və səmimi şəraitdə keçmişdir ki, bu da xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinə tam uyğundur”.
Forum iştirakçıları əmin olduqlarını bildirmişlər ki, bu cür tədbirlərin keçirilməsi liderlərimizin siyasi iradəsi və səyləri nəticəsində ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın möhkəmlənməsinə sanballı töhfə verir.