YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın əsl məqsədi müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirməkdir

Ermənistanın əsl məqsədi müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək və Azərbaycan ərazilərini ilhaq etməkdir. İnsidentlərin araşdırılması kimi texniki məsələnin qəsdən gündəmə gətirilməsi Ermənistanın münaqişənin həllindən diqqəti yayındırmaq cəhdlərindən biridir.

Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxlerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Almaniyanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti, inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir insidentlərin araşdırılması kimi texniki məsələnin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olaraq nəzərdən keçirilə biləcəyini deyib.

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun bütün üzvlərinin münaqişənin həllinə töhfə verməsinin və tam tərkibdə Minsk qrupunun toplantılarının keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən ilk növbədə Ermənistan qoşunları işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir.

Günter Baxler hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında məlumat verib, regional sülh və sabitlik üçün təhlükə olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.