YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı xalqımızın ən qədim bayramı olan Novruza özünəməxsus hazırlaşır

Paytaxt Bakı xalqımızın ən qədim bayramı olan Novruza özünəməxsus hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirlərin proqramı olduqca rəngarəngdir.

Dənizkənarı Milli Parkda Novruz bayramına həsr ediləcək şənliklə əlaqədar martın 17-də sonuncu məşq prosesinə baxış keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qız qalasının qarşısındakı meydandan başlayıb Saat qülləsinin qarşısınadək davam edəcək bayram şənliyində nümayiş olunacaq musiqili, əyləncəli-bədii proqramla tanış olub, tövsiyə və tapşırıqlarını verib.

Martın 19-da səhər saatlarında Dədə Qorqudun xeyir-duası ilə başlayacaq möhtəşəm Novruz şənliyində şəhərimizin sakinləri və paytaxtımızın qonaqları Kosa və Keçəlin maraqlı söhbətini, musiqi, rəqs və teatr kollektivlərinin bir-birindən rəngarəng çıxışlarını, aşıqların, “Natiq” ritm qrupunun ifalarını izləmək imkanı əldə edəcəklər. Həmçinin Novruz şənliyində milli mətbəximizin təamları, kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənət nümunələri təqdim olunacaq.

Qeyd edək ki, ötən il Novruz ilk Avropa Oyunlarına təsadüf etdiyindən ərazidə ona uyğun stendlər qurulmuşdu. Bu il isə onları “Formula-1” üzrə Avropa Qran-prisinə həsr olunan nümunələr əvəz edir.

Sonda jurnalistlərə müsahibə verən Ə.Vəliyev deyib ki, Novruz bayramına həsr olunan bu şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb. Hazırda son məşqlər gedir. Görülən işlər deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm musiqi proqramı bütün insanların ürəyincə olacaq.