YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yan Hamaçek: Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əlaqələr genişlənir

Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əlaqələr genişlənir. Azərbaycanlı tələbələrin Çexiyanın müxtəlif universitetlərində təhsil almaları hər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına böyük töhfə verəcək.

Bu fikirləri Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek Bakı Slavyan Universitetində (BSU) onunla keçirilən görüşdə səsləndirib.

Yan Hamaçek qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin Bakı Slavyan Universitetində tədris olunmasını yüksək qiymətləndirib. O, səfəri zamanı Azərbaycanda məhsuldar görüşlər keçirdiyini bildirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Qonaq Azərbaycan ilə Çexiya arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin önəmini qeyd edib.

Görüşdə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Universitetdə çex dilinin tədris olunduğunu, Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

BSU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin Şərqi Avropa, Slavyan ölkələri ilə əməkdaşlığını xüsusi qeyd edib. Bildirilib ki, bir çox xarici universitetlərdə azərbaycanşünaslığın və multikulturalizmin təbliğinə və tədrisinə xüsusi diqqət ayrılıb. BSU tərəfindən bir sıra xarici universitetlərdə Azərbaycan tədris və mədəniyyət mərkəzləri yaradılıb və fəaliyyət göstərir.

Qeyd edilib ki, Çexiyanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb. Çexiyaşünaslıq üzrə təhsil alan tələbələr Çexiyada dil təcrübəsində olublar. Çexiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə universitetin çexiyaşünaslıq üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və çex dilindən praktik dərslər təşkil edilib. Mühazirələr bir semestr ərzində səfirliyin əməkdaşları tərəfindən aparılacaq, Çexiyanın tarixi, ölkənin siyasi əlaqələri, iqtisadiyyatı, çex xalqının qədim kökləri, adət-ənənələri, mədəniyyəti kimi mövzuları əhatə edəcək. BSU-nun tələbələrinə ilk mühazirəni Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka oxuyub.

Sonra qonaqlar universitetin Çex Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub, çex xalqının milli geyimlərini universitetə hədiyyə ediblər.