YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Van İ: Çin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişafına hazırdır

Çin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırdır.

Bu fikri Çinin xarici işlər naziri Van İ martın 14-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Pekində keçirdiyi görüşdə bildirib.

Van İ Çinin nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini söyləyib. O, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Van İ Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair Memorandumun imzalanması münasibətilə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnun olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 8-11-də Çinə səfərini xatırladaraq, bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni səviyyəyə qalxmasına təkan verdiyini bildirib.

Azərbaycan və Çinin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin yaxınlığını qeyd edən Elmar Məmmədyarov hər iki ölkənin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığını dəstəklədiyini vurğulayıb. O, bu mövqeyin Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hər iki ölkənin rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də bir daha təsbit olunduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan Elmar Məmmədyarov bu xüsusda hökumətlərarası müştərək komissiyanın əhəmiyyətli rolunu qeyd edib. Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəklədiyini deyən Elmar Məmmədyarov ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi olduğunu bildirib. O, sınaq məqsədilə Çindən olan konteyner qatarlarının bu marşrut üzrə uğurla son məntəqəyə çatdığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu imkanların daha da artacağını nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında həmkarına ətraflı məlumat verən Elmar Məmmədyarov münaqişənin regional sülh və təhlükəsizlik üçün əsas hədə olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.