YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edəcək

Martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumunda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edəcəklər. Bundan başqa, tədbirdə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır. İlk Forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin mayın 5-8-də 29 ölkədən 142 nümayəndənin iştirakı ilə “Müştərək cəmiyyətlər və qadın azadlıqları” mövzusunda təşkil olunub.

İkinci Forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il aprelin 27-29-da “Post 2015 gündəliyi və müştərək cəmiyyətlər” mövzusunda keçirilib. İkinci Forumda 42 ölkədən 165 nümayəndə iştirak edib.

2015-ci il aprelin 28-29-da keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə “Yeni dünya düzənində etimadın bərpa edilməsi” olub və Foruma dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.

Hər üç forumda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.