YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səyavuş Heydərov: Dini təhlükəsizliyin təminatında dini maarifləndirmənin müstəsna əhəmiyyəti var

«Dini təhlükəsizliyin təminatında dini maarifləndirmənin müstəsna əhəmiyyəti var. Maarifləndirmə bütün neqativ hallara qarşı mübarizədə ən effektiv vasitədir. Dini maarifləndirmənin düzgün aparıldığı şəraitdə dini təhlükəsizliyə yönəldilən təhdidlərin səviyyəsi azalır. Bu isə ictimai-siyasi sabitliyin təminatında, vətəndaşların dini etiqad azadlığının qorunmasında, tolerantlıq ənənələrinin inkişafında, xüsusilə indiki dövrdə, dini zəmində ziddiyyətlərin dövlətlər və xalqlar arasında hərbi qarşıdurmalara transformasiyası şəraitində düzgün multikulturalizm siyasətinin həyata keçirilməsi üçün olduqca əhəmiyyətlidir». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, dini təhlükəsizlik multikultural təhlükəsizliyin, multikultural təhlükəsizlik isə ictimai-siyasi təhlükəsizliyin, ümumilikdə isə bu amillər milli təhlükəsizliyin tərkib hissəsidir.Onun sözlərinə görə, zəncirvari şəkildə bir-biri ilə bilavasitə əlaqəli olan bu anlayışlar ayrı-ayrılıqda öz təsirini itirir.

«Xarici təcrübəyə müraciət etsək görərik ki, dini maarifləndirmənin olmadığı və ya deklorativ xarakter daşıdığı ölkələrdə bir tərəfdən dini dözümsüzlük təhlükəsi artır, multikultural dəyərlər itir, digər tərəfdən ənənəvi din və təriqətlərin yerini totalitar və destruktiv xarakterli cərəyanlar, dini-siyasi hərəkatlar tutmağa başlayır. Əlbəttə, demokratik və dünyəvi dövlətlərdə, o cümlədən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Daha dəqiq desək din mənəvi-əxlaqi dəyər xarakteri daşıyır. Unutmayaq ki, milli kimliyimizin, milli mədəniyyətimizin, maddi və qeyri-maddi mədəni irsimizin bir çox elementlərinin, məsələn poeziyamızın, tətbiqi sənətimizin, rəmz sisteminin, memarlığın, ətraf aləmi dərketmə tərzinin, cəmiyyətdaxili davranış və əxlaq normalarının, adət-ənənələrin və s. formalaşmasında din amilinin müstəsna rolu olub. Din həm də güclü ideologiya, böyük potensiala malik səfərbəredici qüvvədir. Bu baxımdan, dini maarifçiliyin zəif olduğu yerlərdə dini təhlükəsizlik məsələləri getdikcə aktuallaşır. Unutmamalıyıq ki, din dövlətdən ayrı olsa da, dindar vətəndaş yaşadığı cəmiyyətdən ayrı deyil və din amilindən qarşıdurma yaratmaq məqsədilə, xüsusilə siyasi maraqlar naminə istifadə olunması yolverilməzdir. Dini təhlükəsizliyin təmin edildiyi cəmiyyətlərdə isə belə qarşıdurmaların olması ehtimalı çox azdır»- deyə, S.Heydərov vurğulayıb.