YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Od çərşənbəsidir

Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

AMEA-nın Folklor İnstitutunun mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova  bildirib ki, bu çərşənbəni bir çox bölgələrimizdə təmtəraqla keçirirlər. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar. Od çərşənbəsində də su çərşənbəsində olduğu kimi, bütün ailə üzvləri süfrə başına yığılar ki, ailə bütöv olsun. Aş dəmlənər, süfrə açılar, şəkərbura, paxlava bişirilər.

İ.Qəsəbovanın sözlərinə görə, XX əsrin əvvəllərinə kimi bayramda şəkərbura, paxlava deyil, sacın altında közdə kömbə, qatlama, fəsəli bişirilərdi. Bu çərşənbədə də ocaq daha gur qalanar, lopa düzəldilər. Evdə olan hər uşağın adına bir lopa düzəldilməsi həmin uşağın odlu-ocaqlı olması, ocağının gur yanması mənasını daşıyırdı.

Qeyd edək ki, od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi buna əyani misaldır.

Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunub. Xalqın həm şad, həm də kədərli günündə tonqal köməyə gəlib, müjdəçi, carçı rolunu oynayıb.

Od çərşənbəsinə və oda aid bir çox atalar sözləri və məsəllər də vardır: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s.

Ümumiyyətlə, Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri birləşdirərək əcdadlarımızın dünyagörüşünü və düşüncə tərzini əks etdirir.

Novruz müjdəçiləri olan yel və torpaq çərşənbələrində də torpağımızda ocaqlar çatılacaqdır.

Od çərşənbəniz mübarək!