YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Braziliyada “Sonsuz dəhliz” filmi təqdim edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Braziliyadakı Səfirliyində “Sonsuz dəhliz” sənədli filminin təqdimatı olub.

Səfirlikdən bildirilib ki, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən təqdimat mərasimində əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz haqqında ətraflı məlumat verilib. Səfir Elnur Sultanov çıxışında Xocalıda azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin və bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb. O, bu istiqamətdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında danışıb.

Səfir “Sonsuz dəhliz” filminin Xocalı hadisələrinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin xatirələri əsasında çəkildiyini bildirib. O, bu filmin bir çox Avropa ölkələrində nümayiş etdirildiyini deyərək bunun Xocalı soyqırımı və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və nəticələri barədə Braziliyada məlumatlılığın artırılmasına xidmət edəcəyini diqqətə çatdırıb. Çıxışının sonunda E.Sultanov Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün nəticələrini göstərən xəritəni və “Xocalıya ədalət” kampaniyasının loqosunu nümayiş etdirib.

Ölkənin Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti deputat Klaudio Kajado ilk növbədə Xocalı faciəsi ilə əlaqədar Azərbaycan tərəfinə başsağlığı verib. O, Azərbaycanın Xocalı şəhərində Ermənistanın silahlı qüvvələri tərəfindən dinc azərbaycanlıların qətlə yetirildiyini bildirərək BMT-nin prinsip və qətnamələrinin, insan hüquqlarının pozulduğunu, habelə Xocalı qətliamının bütün dünya üçün faciəvi nəticələrə səbəb olduğunu vurğulayıb. O, Azərbaycanın məcburi köçkün və qaçqınlarının öz doğma torpaqlarına geri qayıtmasının zəruriliyini qeyd edərək çıxışını “Xocalıya ədalət!” sözləri ilə yekunlaşdırıb.

Film tədbirdə iştirak edən bir sıra xarici ölkələrin səfirləri, Braziliya parlamentinin, akademik dairələrin və yerli ictimaiyyətin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.