Xəbərlər
Cəbrayıl Fərzəliyev: Türkiyəyə yeni miqrant axını başlaya bilər
«Rusiyaya məxsus Su 24 qırıcı təyyarəsinin vurulmasından sonra başlayan rus-türk problemi daha da dərinləşir. Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizəsi adı altında həyata keçirdiyi hərbi əməliyyatlar, Əsəd rejimini dəstəkləməsi Türkiyənin maraqlarına zidd addımlardır. Əsəd rejimi ilə bərabər Rusiyanın Suriya türkmənlərinə qarşı hərbi əməliyyatları bu problemi belə desək, çıxılmaz vəziyyətə gətirib çıxarır». Bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Cəbrail Fərzəliyev deyib.
C.Fərzəliyev bildirib ki, hal-hazırda Suriyada vəziyyət olduqca gərgindir. Onun sözlərinə görə, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi təlimlər Türkiyənin maraqlarına uyğun gəlmir. Çünki Rusiya getdikcə Suriyada hərbi varlığını daha da artıracaq və Türkiyəyə yeni miqrant dalğası axın etməyə başlayacaq.
«Təbii ki, Türkiyənin milyonlarla qaçqını himayə etməsi maddi cəhətdən Türkiyəyə baha başa gələcək, Türkiyə bu qaçqınları himayə etmək üçün milyardlarla dollar xərcləməli olur. Onlar borclu deyil ki, Suriyalı qaçqınlar üçün milyardlarla dollar xərcləsin. Bəs Rusiya Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan bu yana nə qədər qaçqına himayədarlıq edib?. Türkiyənin öz müttəfiqləri ilə birgə quru əməliyyatlarını həyata keçirməkdən başqa alternativi yoxdur. Türkiyənin Suriyaya daxil olması o qədər də problem yaratmayacaq, burada əsas məqam Türkiyənin Rusiya ilə üz-üzə gəlməsidir, hansı ki, Rusiya Türkiyədən öz təyyarəsinin intiqamını almaq istəyəcək. Və əgər tərəflər bir-birlərinə qarşı zərbələr endirərlərsə o zaman münaqişə daha da gərginləşə bilər»- deyə, C.Fərzəliyev qeyd edib.