YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsinə start veriləcək

Fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsinə start verilir.

Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacaqları Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 8-15-də Bakıda, Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərəcək.

BBMM-in layihələr şöbəsinin müdiri Hikmət Babayev qış məktəbi ilə bağlı ətraflı məlumat verərək layihənin ideoloji əhəmiyyətini vurğulayıb: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu, Dövlət müşaviri, akademik Kamal Abdullayevin çıxışlarında qeyd etdiyi kimi, həm də mərhəmət, şəfqət və xoşməramlılıq ili sayıla bilər və əslində, bütün dünyaya Azərbaycan tərəfindən göndərilən bir mesajdır. Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” fikrini özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən beynəlxalq yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilir. Artıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yay və qış məktəbləri ənənəyə çevrilməkdədir. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. Xarici ölkə universitetlərindəki tələbələrin, mütəxəssislərin “Azərbaycan multikulturalizmi” fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn vasitəsilə öyrəndiklərini əyani şəkildə öz gözləri ilə görmələri, həmyaşıdları ilə ünsiyyət qurmaları, bu ünsiyyəti sonralar davam etdirmələri çox vacibdir. Qış məktəbinin təşkili Azərbaycan multikulturalizminin təbliğində mühüm vasitədir və gələcəkdə xarici tələbələr elmi fəaliyyətlərində Azərbaycan təcrübəsinə istinad edə biləcəklər. Ümumiyyətlə, ölkəmizdə olan, gələcəkdə öz elmi və digər istiqamətlərdəki fəaliyyətini Azərbaycanla bağlayan hər bir xarici tələbə öz ölkəsində Vətənimizin təmsilçisidir. Onların sevgisini qazanmağımız Azərbaycanı sevən və onu hər an müdafiəyə hazır olan əcnəbi dostlarımızın dairəsini genişləndirmək deməkdir”.

Şöbə müdirinin bildirdiyinə görə, bu il Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 35–dən çox, eləcə də Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 50–dən artıq tələbə Beynəlxalq Multikulturalizm qış məktəbində iştirak edəcək. Bu tələbələrə azərbaycanlı mütəxəssislərlə yanaşı, müxtəlif ölkələrdən professorlar – BBMM-in Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Teresa Damasio, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Ardahan Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin rəhbəri Ramazan Qorxmaz, BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysberger, Litva Pedaqoji Universitetinin alimi Vidas Kavaliauskas, “Художественная литература” nəşriyyatının baş redaktoru G.V.Pryaxin, Moskva Açıq Təhsil İnstitutunun UNESCO beynəlxalq təhsil və miqrant uşaqların məktəbə inteqrasiyası kafedrasının müdiri Y.A.Qoryaçev kimi tanınmış alimlər mühazirələr oxuyacaqlar. “İnanırıq ki, xarici dostlarımızı Azərbaycanda – Bakıda, Qubada, Xaçmazda, Qusarda keçiriləcək Beynəlxalq Multikulturalizm qış məktəbində bol sevgi, əsl dostluq, sevinc dolu günlər, yaddaqalan müsabiqələr, mənalı və intellektual görüşlər gözləyir”, - deyə o əlavə edib.

H.Babayev qeyd edib ki, Beynəlxalq Multikulturalizm qış məktəbinin proqramı çox zəngindir. Fevralın 8-də Bakı Slavyan Universitetində açılışı olacaq qış məktəbi ərzində tələbələrin Fəxri və Şəhidlər xiyabanlarını, Heydər məscidini, Bakıda yerləşən ibadət evlərini, Qubada və Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorialını ziyarət edəcəkləri nəzərdə tutulub. Qış məktəbi iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Bilik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Milli Olimpiya Komitəsi, Bakı Əyləncə Mərkəzi, Xaçmaz Rayon Tarix Diyarşünaslıq Muzeyi və Qubadakı Qırmızı Qəsəbədə maraqlı görüşləri planlaşdırılıb. Qış məktəbi boyu tələbələrin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Milli Məclisin komitə sədri, akademik Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının rəhbəri, Xalq Artisti Afaq Məlikova, eləcə də digər rəsmi şəxslər və incəsənət xadimləri ilə görüşləri gözlənilir. Qış məktəbinin tədris hissəsində “Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi”, “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi”, “Rusiyanın təhsil sistemində multikulturalizm məsələləri”, “Türkdilli ölkələrdə multikulturalizm siyasəti”, “Yeni dünya nizamı və multikulturalizm”, “Cənubi Qafqazda geosiyasi vəziyyət” mövzularında mühazirələr dinləniləcək. Həmçinin “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda “dəyirmi masa” təşkil ediləcək. Tədrislə yanaşı, tələbələrin istirahət saatlarının səmərəli təşkili də yüksək səviyyədə həyata keçiriləcək.

Qış məktəbinin rəsmi bağlanış mərasimi fevralın 15-də Bakıdakı “Modern” oteldə olacaq.

 

DİGƏR Xəbərlər Arxiv