YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Azərbaycanda yeni iqtisadi strategiya formalaşır

Bank sahəsi üzrə bölmə iclasının moderatoru - Mərkəzi Bankın sədri Elman Rüstəmov dövlətimizin başçısının ölkədə apardığı iqtisadi islahatlar və sahibkarlığa göstərdiyi daimi önəm, diqqət nəticəsində bu gün Azərbaycanın dünyada gedən davamlı iqtisadi böhranın təsirinə ən az məruz qalan ölkələrdən biri olduğunu deyib: “Təbii ki, bu təsir bizə də sirayət edir. Çünki Azərbaycanın əsas büdcə gəlirləri ixracımızın mühüm hissəsi olan neftdən əldə edilir. Neftin qiyməti isə çox qısa bir zamanda dünya bazarlarında 4 dəfədən çox aşağı düşüb”.

Bildirib ki, ölkənin gəlirlərinin əhəmiyyətli dərəcədə azalması müəyyən korrektələr tələb edir. Bu korrektələr isə həm büdcə, həm məzənnə, həm də bank sektoru xətti ilə aparılır. Əsas məqsəd bu gün yaranmış şəraiti düzgün və adekvat qiymətləndirməklə, vəziyyətdən çıxış yolları tapmaqdır. Dövlətimizin başçısının bununla bağlı qarşıya qoyduğu əsas vəzifə də ölkənin enerji sektorundan asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsidir. Burada əsas məsələlərdən biri yeni iş yerlərinin yaradılmasıdır.

E.Rüstəmov qeyd edib ki, 2015-ci ilin yekunlarına görə, Azərbaycanın ümumi idxalı 9 milyard dollardır. Qeyri-neft sektoru üzrə ixrac isə təxminən 1,2-1,3 milyard dollardan çox deyil. Bu rəqəmlərdən də görünür ki, arada təxminən 7,8-8 milyard dollaradək böyük fərq var. Təbii ki, neft gəlirlərinin azalması idxalın maliyyələşdirilməsini çətinləşdirir. Çünki bu gün neftlə bağlı valyuta ehtiyatlarımızı sərf edə bilmərik. Hazırda ölkəmizin neft sənayesində 80 min nəfərədək insan çalışır. Azərbaycanda isə 4,8 milyon əmək qabiliyyətli insan var. Həmin insanları işlə təmin etmək ən ümdə vəzifələrdən biridir. Bunun üçün də ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sənaye potensialının daha da artırılması prioritet məsələdir.

Mərkəzi Bankın sədri qeyd edib ki, bundan sonra ən vacib məsələ qeyri-neft sektoruna, qeyri-neft ixracına, sahibkarlığa, özəl investisiyaya əsaslanan inkişaf proqramının işlənib hazırlanmasıdır.

Bölmə iclasında iştirak edən sahibkarlar aqrar sektor üzrə subsidiyaların verilməsi, yerlərdəki bankların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən ipoteka kreditlərinin daha güzəştli şərtlərlə verilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda neftdən asılılığın azaldılması üçün qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, aqrar sektorun inkişafı, eyni zamanda, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

İclasda səslənən təkliflərə münasibət bildirən E.Rüstəmov kənd təsərrüfatının strukturunun müəyyən dərəcədə yaxşılaşdırılmasının, dəyərli texniki bitkilərə keçirilməsinın və onun əsasında həm yüngül, həm də yeyinti sənayesinin inkişaf etdirilməsinin qaçılmaz olduğunu deyib. Vurğulayıb ki, yerdəki banklar rayon hakimiyyət orqanları və əhali ilə daha detallı işləməlidir. Yəni, dövlət ilə bank sektorunun partnyorluğu olmalıdır. Çünki bank sektoru çox riskli bir sahə olduğundan burada əsas məsələ bütün tərəflərin maraqlarının qorunmasıdır. Dövlətin, fermerin və maliyyə sektorunun çox incə, düşünülmüş, balanslaşmış və riskləri bölüşmüş bir sistemi qurulmalıdır. Bunun üçün də detallaşmış bazar iqtisadiyyatı yaradılmalıdır ki, bu da müəyyən vaxt tələb edir.

Mərkəzi Bankın sədri deyib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində iş aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir. Yəqin ki, yaxın zamanda, ən geci gələn aydan ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq.

E.Rüstəmov ölkədəki sağlam və böyük bankların əmanətçilərinin narahatçılığı üçün heç bir əsas olmadığını vurğulayıb: “Bu bankların əmanətçiləri əmanətlərin sığortalanması sistemi ilə tam əhatə olunacaqlar”.