YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın millət vəkilindən Avropa Şurası baş katibinə sərt sual

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş katib Torbörn Yaqlandın hesabat məruzəsi dinlənildi və o, ayrı-ayrı deputatların suallarına cavab verdi.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualı xüsusi sərtliyi ilə seçildi ki, bu da səbəbsiz deyildi. Son dövrlərdə Avropa Şurası baş katibinin Azərbaycanla əlaqədar atdığı bir sıra addımlarda başqa üzv ölkələrlə müqayisədə daha kəskin və müəyyən dərəcədə qeyri-obyektiv yanaşmalar hiss edilməkdədir. Bütün bunları nəzərə alaraq Rafael Hüseynov T. Yaqlanda belə bir sərt sualla müraciət etdi: “Biz Assambleyada hər hansı problem üzrə məruzəçi təyin olunanda elan edirik ki, bu məsələdə maraqlarımızın toqquşması yoxdur. Bu, müəyən mənada bir deputat andı kimidir. Baş katib olduğunuzdan belə bir andiçmə sizin fəaliyyətinizə daha çox uyğundur. Lakin müşahidələr göstərir ki, siz heç də bütün üzv ölkələrə eyni meyarlarla yanaşmırsınız. Hətta belə təsəvvür yaranır ki, hansısa ölkəyə qarşı daha sərt, hansısa ölkəyə qarşı daha mülayim münasibət bəsləyirsiniz. Məsələn, Avropa Şurasının nizamnamə tələblərini ardıcıl olaraq pozan, terrorizmi dövlət siyasətinə çevirən, hər an hüquqları tapdalanan vətəndaşlarının etirazları səngimək bilməyən Ermənistanı nə şəkildəsə cilovlamaq, düzgün yola gətirmək üçün indiyədək bir dəfə də səsinizi çıxarmamısınız. Azərbaycana qarşı isə kifayət qədər fəalsınız. Azərbaycana münasibətdə də qayğıkeşliyiniz təəssüf ki, bütün ölkə vətəndaşlarına deyil, sizə lazım olan bir və bir neçə nəfərə yönəlib. Konkret bir şəxsi xüsusi canfəşanlıqla və ardıcıllıqla müdafiə edərək təxminən eyni vəziyyətdə olan başqaları haqda susmanız burada sizin hansısa şəxsi maraqlarınız olmasından xəbər verir. Sualım budur: sizin səmimiyyətə necə inanaq?”

Sualı cavablandıran baş Katib Ermənistanı da diqqətdə saxlaması ilə bağlı ümumi sözlər söylədikdən sonra bildirdi ki, həmin ölkədə olan qüsurların, insan haqları ilə bağlı pozuntuların aradan qaldırılması, ölkədə demokratiya istiqamətində islahatların aparılması üçün gələcəkdə daha artıq səylər göstərməyə çalışacaq.

T. Yaqland R.Hüseynovun kəskin sualının qarşısında müəyyən qədər özünəbəraət kimi səslənən belə bir fikir də işlətdi ki, üzv ölkələrin Avropa Şurasına nə vaxt qəbul edilməsindən asılı olmayaraq, məqsədi onların hər birinə eyni cür münasibət bəsləməkdir.

 

DİGƏR Xəbərlər Arxiv