YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya-Azərbaycan: Dostluğun möhkəmlənməsi iqtisadiyyatın möhkəmlənməsi deməkdir

Yanvarın 13-dən15-dək Moskvada Qaydar forumu keçirilib. RF Dövlət Dumasının Maliyyə bazarı komitəsi rəhbərinin müavini, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmin forumdakı çıxışında deyib: “İki il bundan əvvəl Azərbaycan Dövlət Bankı bazasında tərəfdaş banklarla iş üzrə profil departament yaradıb. Bu müddətdə respublikaya 700 milyon dollar investisiya cəlb edilib. Biz öz qanunvericiliyimizi uyğunlaşdıraraq on milyardlarla dollar cəlb edə bilərdik. İnfrastruktur layihələrinə sərf edilən bu cür böyük məbləğdə pul indiki məqamda Rusiya üçün çox vacibdir”.

Rusiyanın mövcud bank sisteminin yeniləşdirilməsinin ardıcıl tərəfdarlarından biri olan deputatın bu istiqamətdə səyləri forum iştirakçıları tərəfindən bəyənilib. Milli reytinq agentliyinin ekspert şurası adından ona Rusiyada tərəfdaşlıq maliyyəsinin inkişafına sanballı töhfəsinə görə diplom təqdim edilib.

Dmitri Savelyev tərəfindən işlənib hazırlanmış altı qanun layihəsi Dövlət Dumasında baxılmaq üçün təqdim edilib. Həmin layihələrdə Rusiyanın bank sisteminin dəyişdirilməsinə, yeni maliyyə bazarlarına yol açan vasitələrdən istifadə imkanı yaradılmasına dair təkliflər əks olunub. Deputatın təşəbbüsü ilə yaradılmış ekspert şurasının tərkibində peşəkar və elmi birliyin, dövlət strukturlarının və biznes sahəsinin nümayəndələri ictimai əsaslarla çalışır.

Bu gün əhalinin üzərinə düşən yükü mümkün qədər yüngülləşdirməklə yeni inkişaf üsulları tapmaq həmişəkindən daha aktual məsələdir. D.Savelyevin fikrincə, indi bu məsələ həm Rusiyada, həm də Azərbaycanda bir nömrəli vəzifədir. Deputat deyib: “Neftin qiymətinin azalması və dünya iqtisadi böhranı Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Son dərəcə mürəkkəb şəraitdə Azərbaycan dövləti öz sabitliyini qoruyub saxlayır, ölkə rəhbərliyi isə yaranmış təhdidlərə çevik və keyfiyyətli reaksiya verməyi bacarır. Əhalinin dəstəklənməsi ön plana çəkilir. Unun qiymətinə nəzarət edilməsi bu baxımdan nümunə sayıla bilər. Regionda unun ən aşağı qiyməti Azərbaycandadır. Bu baxımdan Rusiyada da hökumətin fəal mövqeyi müşahidə olunur. Əminəm ki, ölkələrimizin bir-birinin təcrübəsini öyrənməsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı dəstək bu mürəkkəb dövrü uğurla başa vurmağa kömək edəcək”.

Onun fikrincə, müasir dövrün iqtisadi çağırışlarına Rusiyanın cavabı investisiyalar cəlb edilməsinə qeyri-trivial yanaşmalar axtarmaqdan və ənənəvi iqtisadi tərəfdaşlarla dostluq əlaqələrini qoruyub saxlamaqdan ibarət olmalıdır.

Qaydar forumunu çox vaxt “Rus Davosu” adlandırırlar. Artıq altıncı dəfə keçirilən Qaydar forumu bu müddətdə iqtisadiyyat sahəsində beynəlxalq səviyyəli ən böyük elmi hadisələrdən birinə çevrilib. Bu unikal məkanda iqtisadi fikrin aparıcı nəzəriyyəçiləri, iri biznes nümayəndələri, tanınmış siyasətçilər, ən yüksək maliyyə dairələrinin nümayəndələri toplaşır. İştirakçıların və ekspertlərin tərkibi, diskussiyalarda toxunulan məsələlərin spektri baxımından Qaydar forumunun tayı-bərabəri yoxdur.

Builki forumun iştirakçıları qarşısında çox mürəkkəb bir vəzifə qoyulmuşdu: müasir çətin şəraitdə Rusiya və dünya iqtisadiyyatının hansı inkişaf yolu ilə getməli olduğunu aydınlaşdırmaq vəzifəsi. Ölkənin baş naziri Dmitri Medvedev forumdakı çıxışında bu barədə danışıb. O vurğulayıb ki, bu gün Rusiya son on ildə ən ağır zərbələrə tab gətirir. İndi ölkənin əsas vəzifəsi yeni reallıqlar şəraitində yaşamağı öyrənməkdir. İqtisadi inkişaf naziri Aleksey Ulyukayev və maliyyə naziri Anton Siluanov da bu mövzuya toxunublar. Bütövlükdə, ekspertlərin əksəriyyəti vurğulayıb ki, neftin qiymətinin düşməsi büdcəni doldurmaq üçün yeni yollar axtarıb tapmağı tələb edir. Bunun üçün ilk növbədə iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək lazımdır. Belə şəraitdə sanballı investisiyalara ehtiyac var. Böhran şəraitində bu cür sərmayələr yalnız daha çevik bank siyasəti, maliyyə sektorunun inkişafı sahəsində yeni qanunverici qərarlar hesabına cəlb edilə bilər.

Keçən il bu istiqamətdə xeyli iş görülüb. Məsələn, Rusiyada tərəfdaşlıq bankinqinin inkişafı üzrə ciddi iş aparılır. Dünyada ən səmərəli maliyyələşdirmə sistemlərindən biri olan tərəfdaşlıq bankinqi xristian və İslam kimi dünya dinlərinin mənəvi prinsiplərinə əsaslanır. Bu o deməkdir ki, tərəfdaşlıq bankinqi sələmçilik siyasətindən imtina edir, yəni faizlər hesabına varlanmır, əyləncələr, alkoqol və tütün istehsalı kimi sahələrə sərmayə qoymur, əvəzində tikinti, kənd təsərrüfatı, maşınqayırma, yüngül sənaye sahələrinə fəal sərmayə yatırır. Ekspertlərin sözlərinə görə, dünyada tərəfdaşlıq bankinqinin investisiya imkanlarının həcmi təqribən iki trilyon dollara bərabərdir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın fikrincə, mövcud şəraitdə ən yaxın qonşulara münasibətdə açıqlıq və səmimilik siyasəti xüsusi əhəmiyyət kəsb edir. Özü də söhbət həm mədəni, həm də iqtisadi baxımdan əlverişli şərait yaratmaqdan gedir. N.Krasovskaya buna əyani nümunə kimi hazırda Rusiya ilə Azərbaycan arasında mövcud münasibətləri göstərir: “Azərbaycan da Rusiya kimi öz firavanlığında çox cəhətdən neftin qiymətinin yüksək olmasına arxalanırdı. Lakin bununla bərabər, Rusiya kimi o da iqtisadiyyatın başqa sahələrinin inkişafına inamla istiqamətlənib. Burada çox cəhətdən qarşılıqlı faydalı işlər görülüb, bir-birimizin bazarlarını mənimsəmişik, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib, qarşılıqlı iqtisadi fəaliyyətin həcmini artırmağımıza mane olan əngəllərin aradan qaldırılması üzrə iş aparılıb. İndi bu iş daha da intensivləşdirilməlidir, çünki biz, qonşu ölkələr kimi iqtisadiyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməliyik. Nizamlanmış əlaqələr, bağlanmış müqavilələr, bəyənilmiş layihələr, gömrük və sərhədyanı qarşılıqlı fəaliyyət məsələləri – bütün bunlar qorunub saxlanmalı və artırılmalı, böhran dövründə ölkələrimizin inkişafı üçün təmələ çevrilməlidir”.

 

DİGƏR Xəbərlər Arxiv