YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə olunub

Yanvarın 12-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum keçirilib.

Forumda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, İranla Azərbaycan arasında hərəkət edən yük maşınlarının 50 faizi Rusiya istiqamətində olub. Hazırda bu istiqamətdə dəmir yolu xətti olmadığı üçün yüklərin bir qismi avtomobillərlə daşınır.

QSC sədrinin sözlərinə görə, İran körfəzi–Qara dəniz tranzit dəhlizində Qəzvin–Rəşt-Astara -Azərbaycan dəmir yolunun birləşdirilməsi mühüm addımdır. Bu layihənin tezliklə başa çatdırılması “Şimal-Cənub” tranzit dəhlizinin inkişafına təkan verəcək. “Günün ikinci yarısında müvafiq qurum rəhbərləri ilə müzakirə zamanı biz nəqliyyat bazarına yeni logistik məhsul olan Cənub-Qərb-İran körfəzi-Qara dəniz nəqliyyat marşrutunu təklif edəcəyik. Bizim ekspert qrupumuz bu marşrutun perspektivini və inkişaf yollarını araşdırıb, yüklərin daşınması üçün tariflər hazırlanıb. Ümid edirik ki, müzakirə zamanı bu təklifimiz qəbul ediləcək” – deyə C.Qurbanov bildirib.

Həmçinin qeyd olunub ki, bu dəhliz tranzit yüklərin Hind okeanı və Fars körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitə çatdırılmasını təmin edəcək. Hesablamalara görə, mövcud infrastruktur nəzərə alınarsa, bu dəhliz üzrə Bəndər-Abbas limanından Poti və Batumi limanlarına yükdaşımaları 7 gün, Mumbai limanından isə 14 gün ərzində reallaşdırmaq mümkündür.

“İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80 faizinin başa çatdığını bildirib.

Onun dediyinə görə, yolun tikintisi 2018-ci ilin sonuna kimi yekunlaşacaq. İlkin olaraq 5 milyon ton, daha sonra isə il ərzində 10 milyon ton yükün Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Ukraynaya daşınması nəzərdə tutulub. İran Azərbaycan və Gürcüstanla birlikdə yeni bir müvəqqəti layihə ilə bağlı müzakirələr aparır. Bunun üçün iki variant nəzərdə tutulub. Birincisi, İran və Astaranın dəmir yollarının birləşdirilməsidir. Azərbaycan və İran üzərinə öhdəlik götürüb ki, 2016-cı ilin sonuna qədər bu işi həyata keçirsinlər. Beləliklə, İranın cənubunda yerləşən Bəndər Abbasdan Qəzvinə qədər yüklər dəmir yolları ilə gətiriləcək və oradan Astarayadək digər nəqliyyat vasitələrilə daşınacaq. Astaradan isə Azərbaycan dəmir yolları vasitəsilə nəql olunacaq. İkinci variant isə yüklərin İranın Əmirabad limanı vasitəsilə daşınmasıdır. Dörd aya kimi, yükləri bu dəniz limanında vaqonlardan birbaşa gəmiyə vurmaq üçün şərait yaradılacaq. Yüklər Bəndər Abbasdan Əmirabad limanına göndəriləcək, burada vaqonlar gəmi ilə Azərbaycanın Ələt limanına çatdırılaraq yenidən dəmir yolları vasitəsilə Gürcüstana daşınacaq. Oradan isə Qara dəniz limanlarına göndəriləcək.

Möhsün Purseyid Ağayi, həmçinin Hindistandan Avropaya qədər ortaq tariflərə dair razılıq əldə olunmasına çalışdıqlarını söyləyib.

Günün ikinci yarısında tərəflər arasında müvafiq sənədlərin imzalanması gözlənilir.