YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: 2015-ci il Azərbaycan mediası üçün uğurlu il olub

2015-ci il Azərbaycan milli mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən mərasimdəki çıxışında bildirib.

Əli Həsənov qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşr, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında və Gəncə şəhərində regional konfranslar keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər icra hakimiyyətləri milli mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər.

Əli Həsənov deyib ki, dövlətimizin başçısının Sərəncamına uyğun olaraq Prezident Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-dək təqdimat daxil olub. Azərbaycan Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamlarına əsasən Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 44 nəfər “Əməkdar jurnalist” fəxri adına, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 91 nəfər “Tərəqqi” medalına və 21 nəfər Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb.

İyulun 22-də Gülüstan Sarayında keçirilmiş təntənəli mərasimdə mükafatlar həmin şəxslərə təqdim olunub. Bundan başqa, KİV əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və ayrı-ayrı şirkətlərin qiymətli mükafatları verilib.

İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib və geniş nitq söyləyib. Dövlətimizin başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz dəyərli fikirlərini bölüşüb.

Prezidentin köməkçisi vurğulayıb ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat Günü və Yeni illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb.

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, ölkədə söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin müstəqilliyinin gücləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.

Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzilli binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib.

Jurnalistlər üçün digər 256 mənzilli binanın tikintisi davam etdirilib. Mənzillərin 2016-cı ildə jurnalistlərə verilməsi planlaşdırılır.

Prezidentin köməkçisi vurğulayıb ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər.