YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Məmnun Hüseyn: Pakistan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, Milli Assambleyanın sədri Ayaz Sadiq, xarici işlər naziri Sərtac Əziz bu ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Daşqın Şikarovla görüşüblər.

Prezident Məmnun Hüseynlə keçirilən görüşdə D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pakistan dövlətinin başçısına çatdırıb. O, ölkələrimiz arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişaf etdiyini, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edib. Prezident Məmnun Hüseynin cari ilin martında Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açdığını bildirib, İslamabad-Bakı birbaşa hava əlaqəsinin bu səfərin məntiqi nəticəsi olduğunu, bunun xalqlarımız arasında münasibətlərin və iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. D.Şikarov Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın bir dövlət kimi onu tanımamasının, həmçinin erməni hərbi birləşmələrinin Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar Pakistan Senatının qətnamə qəbul etməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. O, Pakistanda səfir işlədiyi müddətdə bu ölkənin bütün bölgələrinə səfər etdiyini bildirib, pakistanlıların Azərbaycan dövləti və xalqına qarşı xüsusi rəğbətinin şahidi olduğunu söyləyib.

Pakistan Prezidenti Məmnun Hüseyn salamlarının, dərin hörmət və ehtiramının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib, Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Prezident Məmnun Hüseyn Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanda irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib, bu kimi layihələrin xalqlarımız arasında qardaşlıq münasibətlərinə xüsusi töhfə verdiyini bildirib. Dövlət başçısı səfər zamanı Fondun prezidenti Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ali ordenini təqdim etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Pakistan Prezidenti ölkələrimiz arasında əlaqələrin, həmçinin xalqlarımızın qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Pakistana səfər etməyə dair rəsmi dəvət məktublarının göndərildiyini vurğulayıb, Pakistan dövləti və xalqının bu səfəri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

İqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayan Pakistan dövlətinin başçısı qarşılıqlı investisiyaların yatırılması potensialının olduğunu bildirib. Həmçinin, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük imkanlara malik olduğunu söyləyib.

Prezident Məmnun Hüseyn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin Azərbaycanı tam dəstəklədiyini, Ermənistanla heç bir diplomatik münasibətlər qurmadığını, bunun Azərbaycan torpaqlarının işğaldan azad olunana qədər davam edəcəyini bildirib.

Pakistan parlamentində keçirilmiş görüşdə Milli Assambleyanın sədri Ayaz Sadiq iki ölkənin qanunverici orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyini, Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin, parlamentlərarası dostluq qrupunun üzvlərinin Pakistana, Pakistan Senatının sədr müavinlərinin, xarici əlaqələr, müdafiə komitələri sədrlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana səfərlərini xatırladıb. D.Şikarov Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında məlumat verərək, beynəlxalq təşkilatların seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı bəyanatlarını diqqətə çatdırıb. O, Pakistan parlamentinin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqe və qəbul edilmiş üç qətnaməyə görə minnətdarlığını bildirib.

Ayaz Sadiq yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Oqtay Əsədova təbriklərini çatdırmağı xahiş edib, 2016-ci ilin birinci yarısında Azərbaycana səfər etmək niyyətində olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Sədr işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasının vacibliyini bildirərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Xarici işlər naziri Sərtac Əziz ilə görüşdə Azərbaycan-Pakistan ikitərəfli və çoxtərəfli əlaqələri haqqına müzakirələr aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Sərtac Əziz Pakistanın Azərbaycanı regionda özünə ən yaxın ölkə hesab etdiyini vurğulayıb. O, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyib, digər sahələrdə əlaqələrin də bu səviyyəyə çatdırılmasının önəmini qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Pakistanın Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.