YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya portalı Azərbaycanın beynəlxalq aləmdəki önəmli rolundan yazır

İtaliyanın “İl Caffe Geopolitico” portalında “Azərbaycan beynəlxalq səhnədə” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə Azərbaycanın əlverişli geosiyasi mövqedə yerləşməsi, zəngin enerji ehtiyatlarına malik olması və beynəlxalq arenada önəmli yer tutması vurğulanır. Bu ölkənin qonşu dövlətlərlə münasibətlərini təhlil edən müəllif yazır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qərb ölkələri, eləcə də Rusiya ilə yaxşı əlaqələr qurub.

Məqalədə Azərbaycan ilə Türkiyə arasında əlaqələr barədə də məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, bu iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan, diplomatik əlaqələr quran ilk ölkədir. İki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr sürətlə inkişaf edir. Cari il martın 17-də Türkiyənin Qars vilayətində Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulmasını xatırladan müəllif bu layihənin önəmli geosiyasi nəticələr verəcəyini və Qafqazda, eləcə də digər bölgələrdə stabilliyə və balansın qorunmasına təsir göstərəcəyini vurğulayıb. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük İyirmiliyin” (G20) Antalya Sammitində iştirakından da bəhs olunur. Vurğulanır ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr dinamik inkişaf edir.

Azərbaycanın İran ilə münasibətlərinin təhlil olunduğu məqalədə qeyd olunur ki, iki ölkəni təkcə iqtisadi əlaqələr deyil, mədəni və dini yaxınlıq da birləşdirir.

Müəllif yazır ki, rəsmi Bakı son illər beynəlxalq əlaqələrini genişləndirərək dünyada önəmli aktora çevrilib. Balanslaşdırılmış siyasət həyata keçirən Azərbaycan həm Avropa ölkələri, həm də Rusiya ilə yaxşı əlaqələr qurub. İqtisadi və siyasi sabitliyin hökm sürdüyü bu ölkə beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın Antalya Sammitində iştirakı bu ölkənin qlobal aləmdə önəmli mövqeyinin tanınması deməkdir. Avropa İttifaqı üçün Azərbaycan qaz təminatının şaxələndirilməsi istiqamətində mühüm rola malikdir.

Müəllif sonda bildirir ki, Azərbaycanın bu önəmli mövqeyini qoruyub saxlaması və daha da gücləndirməsi regional aktorlar və böyük qüvvələrlə münasibətlərdə balansın qorunmasına yardımçı olacaq.