YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan-İran əməkdaşlığı regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli rol oynayır

Noyabrın 18-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Baş nazirin müavini Ə.Əhmədov Gilan əyalətinin nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından mühüm rol oynadığını deyib. Bildirib ki, bu səfər İran nümayəndə heyətinin Azərbaycanla yaxından tanış olmaları üçün yaxşı fürsətdir.

Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdıran Ə.Əhmədov ölkələrimizin bütün sahələrdə dostluq və qardaşlıq prinsiplərinə əsaslanan birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan və İranın uğurlu əməkdaşlığı regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli rol oynayır.

İran nümayəndə heyətinin rəhbəri, Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi qeyd edib ki, rəhbəri olduğu əyalət Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir. O, noyabrın 16-da Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda və noyabrın 17-də ölkəmizin paytaxtında təşkil edilən İranın ixtisaslaşmış sərgisində Gilan əyalətinin neft, qaz, neft-kimya, tikinti sənayesi, su, elektrik və maşınqayırma sahələrində çalışan 13 şirkətinin iştirak etdiyini bildirib. M.Nəcəfi deyib ki, bu tədbirlər ölkələrimiz arasında əlaqələrinin daha da dərinləşməsinə öz töhfəsini verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.