YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə minik avtomobili verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğısı həmin insanların minik avtomobilləri ilə təminatında da mühüm addımların atılmasına şərait yaradıb. Bu sahədə tədbirlərin davamı olaraq,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib. Qeyd edək ki, son üç ay ərzində artıq 400 nəfər imtiyazlı şəxsə nazirlik  tərəfindən minik avtomobili verilib.

Onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları nəticəsində hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatının başa çatdırıldığını vurğulayıb: “Hətta keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanıldı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.

Nazir müavini bildirib ki, indiyə qədər ölkəmizdə dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib. Əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi ilə bağlı digər sahələrdə də görülən məqsədyönlü işləri qeyd edən İ.Rəhimov bu işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ayrı-ayrı əlil ictimai təşkilatlarının rəhbərləri ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürü olduğunu ifadə ediblər.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ölkəmizin dinamik inkişafı şəraitində bütün sosial proqramların, o cümlədən onların təminatının gücləndirilməsinə yönələn tədbirlərin uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər. Çıxış edənlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını vurğulayıblar.