YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir

«Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib». Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib.

Azərbaycan-UNESCO əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatın fəal üzvü kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verməkdə davam etdiyini deyib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib. Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, UNESCO-nun təhsil, mədəniyyət və elm sahələrinin inkişafına verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.

Dövlətimizin başçısı, çıxışında həmçinin, qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. «Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz ermənilər tərəfindən tamamilə dağıdılıb. Ermənistan nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”, - deyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirib.