YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Gömrük xidməti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların davamlılığını təmin etməklə iqtisadi təhlükəsizliyin keşiyində şərəflə duracaq

   Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev

- Səfər müəllim, bu gün Azərbaycan möhtəşəm inkişaf dövrü yaşayır. Bu inkişafın əsasında Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Ümumiyyətlə, Heydər Əliyev siyasətinin Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyəti  barədə sizin fikirlərinizi bilmək istərdik...

- Zaman məfhumu fəlsəfi cazibədarlığı ilə seçilən anlayışdır. Onu nə geriyə döndərmək, nə dayandırmaq, nə də dəyişmək mümkündür. Zamanı duymaq, anlamaq, qiymətləndirmək və hətta itirmək olar. Yalnız müdrik və dahi şəxsiyyətlər zamanı özününküləşdirməyə, tarix yaratmağa, yaşadıqları dövrü öz irsi ilə gələcək nəsillərə ötürmək qabiliyyətinə malik olurlar.

Hər bir xalqın, hər bir dövlətin tarixi ona rəhbərlik etmiş böyük siyasi liderlərin, unudulmaz, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyət, dünyanın ən görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev milli dövlətçilik düşüncəsini məhz ötən əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurdu, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanımızın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etdi.

Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müasir müstəqil Azərbaycan Respublikasıdır.

Xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış və ən böyük dəstəyi xalqından almışdır. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir.

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şüurunun oyanması, azadlığa və müstəqilliyə qovuşmaq arzularının çiçəklənməsi, ictimai həyatın, iqtisadiyyatın bütün sahələrində, elm və mədəniyyətin inkişafında böyük nailiyyətlərin əldə edilməsilə əlamətdar olmuşdur. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya prosesinin hazırkı möhkəm təməli məhz ümummilli liderin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaradılmış potensiala əsaslanır. 

Ölkəmizin istiqlaliyyəti ikinci dəfə bütün dünyaya bəyan edildikdən sonra 1993-cü ilin iyununadək respublikamızda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Ümummilli Lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət sükanına keçdi, dahiyanə bir zəka və iradə ilə xilaskarlıq missiyasına başladı. Ulu öndər ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu istiqamətdə həyata keçirilən siyasətin ana xəttini isə qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi.

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyununda üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lider Heydər Əliyevin rəhbərliyi altında geridə qoydu, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirdi.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı. Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşdı. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.

Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail oldu. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Ümumilikdə, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında da lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. Beləliklə, Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli və əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider statusunu təmin etdi.

- Hazırda Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasəti necə səciyyələndirərdiniz?

- Ulu Öndər gələcək nəsillərə ölkəmizin davamlı inkişafının qarantı olan zəngin irs və siyasi məktəb miras qoymaqla canından çox sevdiyi Azərbaycan üçün ən böyük xidmətlərindən birini gerçəkləşdirdi. Heydər Əliyev Azərbaycan vətəndaşlarına ünvanlandığı müraciətində vurğulayırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü ildə Azərbaycan xalqı Ulu Öndərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, hərtərəfli inkişaf strategiyasına, aparılan məqsədyönlü siyasətinə sədaqətini prezident seçkilərində İlham Əliyevə 76 faiz səs verməklə sübut etdi.

Dövlət başçısı cənab İlham Əliyev 31 oktyabr 2003-cü il andiçmə mərasimində nitq söyləyərək vurğulamışdır: “Azərbaycan Respublikasının Prezidenti seçilməyimdə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur”.

Beləcə zaman göstərdi ki, cənab İlham Əliyev ifadə etdiyi hər bir sözün arxasında dayanan və verdiyi vədlərə əməl edən liderdir.  16 ildir ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətçiliyini böyük uğurla inkişaf etdirir. Bütün sahələrdə sosial-iqtisadi proqramlar və layihələr yüksək səviyyədə icra edilir.

Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran dövründə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 3 faizdən çox artıb. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritet istiqamətləridir.

Dövlət başçısının 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanda sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin müəyyənləşdirilməsi və ölkəyə xarici investisyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin iş adamları və dövlət orqanları ilə danışıqlar aparılması tapşırığı qarşıya qoyulurdu. Daha sonra dövlət başçısı tərəfindən təsdiqlənən (2004-2008, 2009-2013, 2014-2018-ci illər) Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisya mühitinin formalaşması, yeni istehsal və xidmət sahələrini yaratmaqla iş yerlərinin açılması, regionların istehsal potensialının genişləndirilməsini özündə ehtiva edirdi və nəticə etibarilə, ötən dövr ərzində bütün maliyyə mənbələri hesabına, bütövlükdə ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq sərmayə yatırıldı, 2 milyona yaxın yeni iş yeri açıldı.

- Bu gün iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir...

- Bu gün iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib, onun real artım tempi neft sənayesinin artım tempini üstələyib.Son illərdə Azərbaycanda biznes mühitinin liberallaşdırılmasına və rəqabətqabiliyyətli məhsul istehsalının dəstəklənməsinə xidmət edən fərman və sərəncamlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı qeyri-neft sektorunda idxalı əvəzləyən məhsulların istehsal həcminin və çeşidlərinin sayını artırmaqla “Made in Azerbaijan” brendi ilə yerli məhsulların ixracının təşviqini stimullaşdırıb.

Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən məhsulların istehsalı məqsədilə yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması, habelə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlər aidiyyəti  mərkəzi icra orqanları tərəfindən icra olunur. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair “Strateji Yol Xəritəsi” Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açıb.

Ötən dövr ərzində iqtisadiyyatın bütün sahələrində inkişaf tendensiyasının qorunub saxlanılması iqtisadi siyasətin əsas prioriteti olub. Bu baxımdan emal sənaye sahələri ilə yanaşı, xidmət sektorunun inkişafı da əsas hədəflərdir. Əlverişli coğrafi mövqeyə malik Azərbaycan son illər turistlərin daha çox üz tutduğu ölkələr sırasında yer almağa iddialıdır. Hər il ölkəmizə gələn turistlərin sayının  artması da buna əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən tədbirlər nəticəsində xidmət sferasında, o cümlədən turizm sahəsində sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit formalaşıb.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin ötən dövr ərzində neft və qaz sahəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin reallaşmasına nail olması Azərbaycanın tarixi nailliyyətidir. Dövlət başçısı həmin məqamla əlaqədar qeyd edib: “Neft kəmərlərinin, xüsusi ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi, təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarıldı. Eyni zamanada, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”.

Son 16 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən uğurlu işlərin nəticəsi xalqın rifahının yaxşılaşdırılmsına xidmət edir. İstər  neft-qaz sahəsində, istərsə də qeyri-neft sektorunda strateji əhəmiyyət kəsb edən layihələrin uğurla həyata keçirilməsi ilə əldə olunan gəlirlər əhalinin sosial rifahının yüksəldilməsinə, sosial təminatının daha da inkişaf etdirilməsinə  istiqamətlənir ki, bu da ölkəmizin sosial dövlət olduğunu dünyada bir daha təsdiqləyir.Hər növbəti il üzrə dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinin böyük artımla müşahidə olunması və büdcə daxilolmalarında qeyri-neft sektorunun payının 44 faizə çatması onu deməyə əsas verir ki, ölkədə islahatlar uğurla həyata keçirilir.

- Məlumdur ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı, sistemli islahatlar həyata keçirilir. Bu baxımdan, gömrük sistemində aparılan islahatlar nə kimi yenilikləri özündə ifadə edir?

- Bu gün dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların əhatə dairəsi daha da genişləndirilib. Biznes mühitinin yaxşılaşdırılması, gömrük xidmətində idarəetmənin keyfiyyətinin daha da yüksəldilməsi, azad rəqabət mühitinin yaradılması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.Ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata keçirilən islahatlar da xarici ticarət iştirakçılarının aktivliyini artırıb, biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda, dövlət büdcəsinə gömrük ödənişləri üzrə daxilolmaların məbləğ etibarilə artırılmasına nail olunub.

Son iki ildə “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş illik büdcə proqnozu ilə müqayisədə dövlət büdcəsinə 2 milyard manat artıq ödənişlər təmin olunub. 2019-cu ildə Dövlət Gömrük Komitəsi üçün qanunla təsdiqlənmiş 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 11 ay ərzində 4 milyard 6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 611 milyon 610 min manat və ya 118,02 faiz, ötən ilin faktiki göstəricilərinə nisbətdə 753 milyon 300 min manat və ya 23,2 faiz büdcəyə artıq ödəmələr həyata keçirilib. Mövcud göstəricilər bu ilin sonunda daha da artacaqdır.

2019-cu ilin 11 ayı ərzində idxalın həcmi 12 milyard 384 milyon 671 min ABŞ dolları, ixracın həcmi 18 milyard 303 milyon 415 min ABŞ dolları, xarici ticarət üzrə dövriyyə 30 milyard 688 milyon 86 min ABŞ dolları təşkil etməklə 5 milyard 18 milyon 744 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. İdxal mallarına qanunvericilik aktlarına əsasən tətbiq edilən azadolmaları nəzərə alsaq, vergitutma bazası 50-55 faiz olmaqla, ötən illə müqayisədə dəyişməz qalıb.

Aparılan islahatların məntiqi nəticəsi olaraq, beynəlxalq təcrübəyə istinadən gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsini və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan istifadə edilir. Mövcud proqramların mahiyyətini dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri təşkil edir. Bu cür sadələşdirmə proqramlarının ölkəmizdə tətbiq edilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə zamanı şəxslərə gömrük nəzarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlüklər verilir. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il 1 fevral tarixindən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə icazələr verilib.

“Yaşıl dəhliz” və “bir pəncərə” kimi sistemlərin tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit yüklərinin daşınmasının sürətləndirilməsinə, eyni zamanda,“kölgə iqtisadiyyatı”na qarşı mübarizədə öz müsbət təsirini göstərib.  Belə ki, dövlət başçısının “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi barədə müvafiq icra orqanlarına verdiyi tapşırıqların yerinə yetirilməsinə dair çağırışlara artıq biznes subyektlərinin də qoşulması aparılan xarici ticarət əməliyyatları üzrə uçot və hesabatlılığın düzgün bəyan edilməsini şərtləndirib, dövlət büdcəsinə qanunla müəyyən edilmiş vergilərin və gömrük rüsumlarının vaxtında və artıqlaması ilə ödənilməsi təmin olunub.Görülən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsində son iki ildə idxal-ixrac əməliyyatları üzrə səffaflığın təmin edilməsi ilə beynəlxalq iqisadi münasibətlər kontekstində illik ticarət dövriyyəsi böyük həcmdə artıb ki, bu da “güzgülü statistik” uçotun aparılmasını asanlaşdırır.

Son iki il ərzində gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi və gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin genişmiqyaslı formada həyata keçirilməsi “kölgə iqtisadiyyatı”na vurulan əsas zərbələrdən biri kimi xarakterizə olunur. Belə ki, 2018 və 2019-cu illər ərzində “qara bazar”da satış dəyəri 300 milyon dollarla ölçülən, ümumi çəkisi 3 tondan artıq narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb, eyni zamanda, istehlak bazarında haqsız rəqabətə səbəb ola biləcək kontrafakt malların dövriyyəsinin qarşısı alınıb, qanun pozuntularına qarşı istintaq hərəkətləri həyata keçirilib.Bəşəri bir bəlaya çevrilmiş “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi məqsədilə gömrük işinin daha da sadələşdirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin prioritet istiqamətləri müəyyən edilib.

Dövlət başçısının daim diqqət və qayğısı ilə əhatə olunan gömrük xidməti növbəti illərdə də ölkədə aparılan islahatların davamlılığını təmin etməklə iqtisadi təhlükəsizliyin keşiyində şərəflə duracaq.

- Səfər müəllim, bu gün Azərbaycanın uğurları gündən-günə artmaqdadır. Sizcə, bu amil ölkəmizin daha da inkişafı və güclənməsi  üçün nə kimi perspektivlər vəd edir?

- Ulu Öndər Heydər Əliyev ideyalarını mövcud şəraitdə reallığa çevirən, fundamental insan hüquqları prinsiplərinə sadiqliyini nümayiş etdirən cənab İlham Əliyev ədalətli vətəndaş cəmiyyətinin  təşəkkül tapmasına təminat verir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil. Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”.

Prezident İlham Əliyevin xalqımızın bu günü və gələcəyi üçün reallaşdırdığı uzun bir dövrə hədəflənmiş  hərtərəfli dinamik inkişaf xalqımızın firavan yaşamasına hesablanıb. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz milli maraqlarını təmin edən müasir bir dövlət olaraq dünya dövlətləri arasında təsdiqini tapmışdır.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, siyasi, sosial və digər sahələri yüksələn xəttlə daimi inkişafa doğru irəliləyəcəkdir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycan xalqının etimadını qazanan müdrik rəhbər Prezident İlham Əliyev qlobol dünyanın çağırışlarına uyğun müstəqil siyasət həyata keçirərək daha yeni uğurlara imza atacaq.

Dekabrın 24-də Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə möhtərəm cənab Prezidentimizi ürəkdən təbrik edir, Azərbaycan Respublikasının uzun illərə hədəflənmiş dinamik inkişafının təmin edilməsi yolunda Ona daim uğurlar arzulayırıq.