YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

   Milli Məclisin deputatı Malik Həsənov

- Malik müəllim, bildiyimiz kimi, hər bir ölkənin inkişafının əsasında iqtisadi tərəqqi dayanır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən  sosial-iqtisadi inkişaf strategiyasının əsas səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?

- Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.  Bilirsiniz ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Son 16 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son  16  ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.  Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində   ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.

Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.

Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına  yoxsulluq səviyyəsi hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədək aşağı salınıb.

Bütövlükdə isə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır.

- Hazırda ölkəmizdə yeni şəraitə uyğun olaraq  həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Bu gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə,  yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük aktuallıq daşıyır.

Biz yuxarıda son 16 ildə ölkə iqtisadiyyatının dinamik inkişafından, o cümlədən də qeyri-neft sektorunun davamlı şəkildə dəstəklənməsindən bəhs etdik. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi xeyli dərəcədə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə əhəmiyyətli dərəcədə  artıb.

Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayəsində ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan qaldırmağa hesablanıb.  Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə istiqamətlənib.

Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı verdiyi qərarlara əsasən Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində vacib tədbirlər həyata keçirilir. Bilirsiniz ki, xarici ölkələrə ixrac missiyaları, xarici bazarların araşdırılması , “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi davam edir.

Bundan əlavə, ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır. Belə ki,  Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına  hesablanan bir sıra sənədlər imzalayıb. Eləcə də, yeni şəraitdə ölkədə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük daxilolmalarının sadələşdirilməsi, şəffaflığın artırılması istiqamətində görülən ciddi tədbirlər də iqtisadi aktivliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, respublikada çevik idarəetmənin təmin olunması məqsədilə institusional islahatlar aparılır.

- Bu gün ölkəmizin regionları da dinamik inkişaf edir. Bu proses ölkəmizin ümumi inkişafına hansı töhfələr verir?

- 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də  tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004–2019-cu illər ərzində Azərbaycanda böyük iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir.

Hazırda Azərbaycanda qeyri-neft sənayesinin potensialının gücləndirilməsinə, innovasiyatutumlu istehsalatların yaradılmasına, regional sənaye quruculuğuna böyük önəm verilir. Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir.

Son illərdə görülmüş tədbirlər sayəsində bir sıra pozisiyalar üzrə daxili ərzaq təminatının sırf yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda aqrar sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Ayrı-ayrı bölgələrdə texniki bitkilərin becərilməsinə, o cümlədən pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına həm güclü siyasi dəstək verilir, həm də fermerlərə hərtərəfli maddi kömək göstərilir.

Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə daha çox özünü göstərəcək.

- Malik müəllim, Azərbaycan beynəlxalq müstəvidə də  nüfuzlu dövlət kimi qəbul olunur. Bu barədə nə deyə bilərsiniz?

- Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.   Təsadüfi deyil ki, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur. Bilirsiniz ki,  ABŞ-ın "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin "BAV Group and Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Bütövlükdə, Azərbaycanın müsbət beynəlxalq imici var, ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir: “Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır”.

Ötən illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Son 16 ilin göstəriciləri bu reallıqların bariz nümunəsidir. Belə ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. İqtisadiyyatın genişlənməsinə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənir. Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən 260 milyard dollardan çox investisiya yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır. Bir tərəfdən uğurlu iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər qarşıda duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə yönəldilir, həmçinin ölkənin gələcəyi üçün güclü maliyyə təminatları yaradılır.